Yuxarı

Məzahir Pənahov səsvermənin nəticələri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayını açıqlayıb

Siyasi partiyalar tərəfindən heç bir şikayət daxil olmayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunu elan olunub.

MSK sədri Məzahir Pənahov deyib ki, 118 dairədə 1 607 bələdiyyəyə keçirilən seçkilərdə namizədlərin irəli sürülməsindən tutmuş, seçkilərlə bağlı müraciətlərə qədər hər şey yüksək səviyyədə olub: “Çalışmışıq ki, müşahidəçilərin iştirakı yüksək səviyyədə olsun. Buna nail olduq. 50 mindən artıq müşahidəçi seçkini izləyib. Namizədliyini irəli sürənlərin də əksəriyyəti qeydə alınıb. 8 siyasi partiya seçkidə iştirak edib, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada iştirak etdi. Bu da 20 mindən artıq namizəd deməkdir. Ümumilikdə 37 mindən artıq namizəd seçkidə iştirak edib. Namizədlərin qeydiyyatı ilə bağlı MSK-ya 20 müraciət daxil olub. 3-4 müraciət vaxt müddəti bitdiyindən təmin edilməyib, amma digərləri araşdırılıb”.

M.Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində seçici aktivliyi 38,92 faiz olub.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi zamanı ciddi pozuntu müşahidə olunmayıb: “Siyasi partiyalar tərəfindən də MSK-ya heç bir şikayət daxil olmayıb. Xırda hallar olub, bunun da qarşısını almışıq. Səsvermənin gedişi də yüksək səviyyədə olub. Seçki ilə bağlı çox aktiv işləmişik. Tədbirlərin sayı baxımından ötən seçkiyə nisbətən bu seçkidə bir addım irəli olduq”.

M.Pənahov qeyd edib ki, seçkilərdən sonra MSK-ya 58 bələdiyyədən bu və ya digər formada şikayət xarakterli müraciətlər daxil oldu: “Müraciətlər araşdırılaraq müvafiq qərarlar verilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi