Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib

Daxili siyasət
  • 12 noyabr, 2026
  • 17:18
Mətbuat Şurasında azərbaycançılıq ideyası və yeni dövrün çağırışları müzakirə edilib

Mətbuat Şurasında "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən akademik Nizami Cəfərov azərbaycançılıq ideyasını ilk növbədə xalqın etnoqrafik özülü kimi dəyərləndirib.

Onun sözlərinə görə, azərbaycançılıq xalqın milli kimliyini gücləndirən ideologiyadır:

"Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasını üç mühüm komponent təşkil edir: etnos, din və ümumbəşəri dəyərlər. Birinci komponent türkçülük, yəni Azərbaycan xalqının etnik mənsubiyyətidir. İkinci komponent dindir. Etnos və din arasındakı münasibətlər mədəni dialoq üzərində qurulmalı, bu iki anlayış bir-birini tamamlamalıdır. Üçüncü komponent isə ümumbəşərilikdir. İnsan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni zamanda, bəşəriyyətin bir parçasıdır. Azərbaycan xalqının milli kimliyinin formalaşmasında bu üç amil daim mühüm rol oynayıb. Azərbaycançılıq müzəffər ideologiyadır. Bu ideologiya həmişə öyrənilməlidir".

N.Cəfərov əlavə edib ki, azərbaycançılıq milli özünüdərkin güclənməsinə və dövlətçilik düşüncəsinin inkişafına xidmət edən ideologiyadır: "Bu baxımdan, onun hər bir şüurlu vətəndaş tərəfindən öyrənilməsi və mənimsənilməsi vacibdir".

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında qeyd edib ki, ideologiya yalnız söz deyil, həm də fəaliyyətdir:

"Millətimizin imzası millətlər içərisində var. Yəni biz artıq öz sərhədlərimizdən, milli sərhədlərimizdən kənarda mədəniyyətimiz, dilimiz, idmanımız, təhsilimiz və tanınmağımızla təmsil olunuruq. Bu tanınma yalnız müxtəlif kürsülərdə tariximizin danışılması, dilimizin təbliği demək deyil. Söhbət konkret fəaliyyətlərlə dünyanın müxtəlif sahələrində özümüzü tanıtmaqdan gedir. Azərbaycançılığın əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu, bir dəfə işlənmiş və hamının dəyişməz postulat kimi qəbul etdiyi sistem deyil. Hər bir qayda yenilənə, hər bir postulat və nəzəriyyə inkişaf etdirilə bilər".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə öz çıxışında vurğulayıb ki, Azərbaycan cəmiyyəti daha müasir və intellektualdır:

"Biz indi ortaq dildən, ortaq mədəniyyətdən, ortaq dəyərlərdən, islahatlardan danışırıq, amma mən düşünürəm ki, türk xalqları və mədəniyyətləri ilə inteqrasiya prosesində Azərbaycanın məxsusi dəyərlərinin, ənənələrinin qorunmasını çox ciddi şəkildə düşünməliyik. Biz ilk növbədə bir-birimizə hörmət prinsipi əsasında yaşamağı öyrətməliyik. Azərbaycançılıq ideologiyasının daha geniş təbliği istiqamətində ciddi işlər görülməlidir".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında azərbaycançılıq ideologiyasının daha böyük auditoriyalarda təbliiğinin zəruriliyini vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə öz çıxışında diqqəti sosial mediada dezinformasiyanın sürətlə yayılmasına yönəldib:

"Əvəllər bu məsələlər akademik çərçivədə, müəyyən platformalarda, mütəxəssis işləri çərçivəsində tamamlanırdı. İctimai rəydə yanlış fikirlər yox idi. Bu gün isə sosial şəbəkələrdə dezinformasiyalar, yanlış fikirlər daha çox yayılır.

Tədbir müzakirələrlə davam edib.