Bakı. 29 oktyabr. REPORT.AZ/ "Müsavat Partiyasının Nizamnaməsində partiya daxilində fraksiya yaradılması nəzərdə tutulmayıb. Kimlərsə bu cür addım atacaqlarsa, bu, qruplaşma adlandırılacaq".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Elman Fəttah deyib. O bildirib ki, partiyanın qurultayından narazı qalanların toplaşaraq müzakirələr aparması normal haldır: "Lakin bu cür müzakirələr Nizamnamə çərçivəsində olmalıdır. Partiya üzvləri arasında ayrı-seçkilik qoymuruq. Tələbimiz ondan ibarətdir ki, qurultayın qərarlarına əməl edilsin. Bununla bağlı partiyada vəziyyət normaldır. Qurultaydan narazı qalanların sayı o qədər çox deyil. Narazıların əksəriyyəti ilə danışıqlar aparılıb, məsələ həll edilib. Sadəcə, 4-5 nəfər narazı var, yəqin ki, onlar da gələcəkdə bizimlə həmrəy olacaqlar".
Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslının təşəbbüsü ilə qurultaydan narazı qalanlardan ibarət partiya daxilində fraksiya yaradılır.
Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı başqan seçilib.