Lənkəranda Novruz bayramı qeyd edilib - FOTO

Lənkəranda Novruz bayramı qeyd edilib - FOTO Lənkəran. 19 mart. REPORT.AZ/ Lənkəran şəhərində Novruz bayramı qeyd edilib.
Daxili siyasət
19 Mart , 2018 18:05
Lənkəranda Novruz bayramı qeyd edilib - FOTO

Lənkəran. 19 mart. REPORT.AZ/ Lənkəran şəhərində Novruz bayramı qeyd edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, şənlik şəhərin Dəmiryol vağzalının qarşısındakı meydanda keçirilib.

Şənlikdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Minlərlə lənkəranlının maraqla izlədiyi bayram şənliyində tonqal qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub. Bəzəkli faytonda meydana daxil olan Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri, Dədə Qorqudun milli-mənəvi dəyərlər barədə ibrətamiz müraciəti tamaşaçılara xoş ovqat bəxş edib.

T.Qaraşov şənlikdə çıxış edərək lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib. İcra başçısı çıxışında milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən olan, dostluq və həmrəylik rəmzi kimi qəbul edilən Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, bu bayramın hər bir ailəyə, hər kəndə, şəhərə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb. O, bu il Novruzun xalqımızın taleyində çox əlamətdar hadisələrlə zəngin, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi, Vətənimizin hər bir guşəsinin inkişafı sahəsində parlaq nailiyyətlərin qazanıldığı, dinc həyatın, əminamanlığın və möhkəm siyasi sabitliyin hökm sürdüyü bir dövrdə bayram edilməsinin hər bir vətəndaş üçün qürurverici olduğunu xüsusi vurğulayaraq bütün lənkəranlılara bayram sevinci arzulayıb. Şənlikdə idmançıların nümunəvi çıxışları, gənc rəssamların əsərlərindən, xalq sənətkarlığının və milli mətbəxin ən yaxşı nümunələrindən ibarət müxtəlif sərgilər nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi