Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. "Report"un məlumatına görə bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, uşaqların insan alveri riskindən müdafiəsinin gücləndirilməsi, onların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə Əmək və Ailə Məcəllələrinə, "Sosial müavinətlər haqqında", "Uşaq hüquqları haqqında", "Telekommunikasiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlara dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, hesabat sənədi aprelin 3-də Milli Məclisdə (MM) müzakirə ediləcək.