Ədliyyə Nazirliyinin Probasiya xidmətində media nümayəndələri ilə görüş keçirilib - FOTO

Daxili siyasət
  • 06 mart, 2019
  • 11:26
Ədliyyə Nazirliyinin Probasiya xidmətində media nümayəndələri ilə görüş keçirilib - FOTO
Report

Bakı. 6 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyi və Mətbuat Şurası ədliyyə sahəsi və məhkəmələrin fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı yeni layihəyə start verib.

“Report” xəbər verir ki, bu gün bu məqsədlə brifinq keçirilib.

Brifinq Nazirliyin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai komitənin üzvləri və 40-dan çox KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların Nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.

Tədbirdə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verilib, bu sahədə maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra Nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov brifinqdə Nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin, istintaq və cəzaların icrası sahəsində fəaliyyətə dair çıxışlar ediblər. 

Sonda KİV nümayəndələri Probasiya xidmətinin elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.