Bir neçə dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bir neçə dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Daxili siyasət
24 May , 2021 15:35
Bir neçə dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

"Report" xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də xalqınıza davamlı tərəqqi, firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram.

Ümidvaram ki, İndoneziya və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə davamlı inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin".

***

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub da Prezident İlham Əliyevi təbrik edib:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza ən səmimi təbriklərimi, habelə davamlı sülh, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimizi davam etdirdiyimiz bir dövrdə Sinqapur insanların həyatının, yaşayışının qorunması və pandemiyanın təsirinin azaldılması üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək".

***

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib:

"Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, bildirirəm ki, ölkələrimiz arasında uzunmüddətli, səmimi münasibətlərə böyük önəm verirəm və bütün sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa davam edəcəyəm".

***

Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markes də təbrik edənlər sırasındadır. Mətndə deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May – Respublika Günü münasibətilə Kolumbiya xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mən 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qeyd olunduğu bu tarixi günlərdə Zati-alinizə bildirmək istəyirəm ki, Kolumbiya hökuməti xüsusilə turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq etməklə, həmçinin siyasi və iqtisadi əlaqələrimizi möhkəmləndirməklə Azərbaycanla olan münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir.

Ölkələrimiz arasında indiyə qədər keçirilmiş yüksək səviyyəli görüşlər, həmçinin vaxtaşırı aparılan siyasi məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin yaxşılaşdırılması və xalqlarımızın rifahının daha da artırılması üçün səylərimizi, qarşılıqlı maraqlar çərçivəsində birgə işləmək barədə ümumi mövqeyimizi əks etdirən davamlı siyasi dialoqu vurğulamaq istəyirəm.

Hazırkı qlobal səhiyyə böhranı bir çox sahələrdə, xüsusilə də COVID-19 virusuna qarşı peyvəndə şəffaf əlçatanlığın təmin edilməsində, eləcə də pandemiya ilə mübarizədə elmi və texnoloji əməkdaşlığı, təcrübə mübadiləsini təşviq edən təşəbbüslərdə əl-ələ verib birgə işləmək üçün imkan yaradır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yüksək hörmət və ehtiramımı bildirir, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi