"Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb".
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması zamanı türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə deyib.
"Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar.
Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır", - dövlət başçısı bildirib.