İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılıb
- 16 iyul, 2025
- 16:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.
Bundan başqa, icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu üzrsüz səbəbdən icra etmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləği artırılıb. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 %-dən 10 %-ə qaldırılır.
Eyni zamanda qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat miqdarında icra ödənişi alınacaq.