Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzini ziyarət edib.
"Report" xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub.
Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin irsi və Azərbaycan tarixinə dair materiallar təqdim edilir. İnteraktiv formada təqdim edilən foto və video materiallar ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan tarixinin müxtəlif dövrləri üzrə geniş məlumat əldə etməyə imkan yaradır.
Daha sonra Maria Elisabetta Alberti Kasellati Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi ilə tanış olub.
Senatın sədrinin diqqətinə çatdırılıb ki, “Əbədiyyət xəzinəsi” sərgisi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib. Bu sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır.
Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya – bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür.
Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portreti qonaqda maraq doğurub. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir.
Sonra xanım Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki “Mini Azərbaycan” sərgisinə baxıb. Qonağa məlumat verilib ki, bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkənin zəngin memarlıq nümunələrini görmək imkanı var.
Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldığını bildirib.