Yuxarı

I Avropa Oyunları zamanı xidmətdə fərqlənən yol polisi əməkdaşları mükafatlandırılıb

Yol polisinin 30 əməkdaşına və bir tağıma mükafat təqdim olunub

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və "Digesta" hüquq firması I Avropa Oyunları zamanı xidmətdə fərqlənən yol polisi əməkdaşlarını mükafatlandırıb. 

"Report"un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə deputatlar, yol polisi əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Bakı 2015" I Avropa Oyunları zamanı nümunəvi xidmət edən yol polisinin 19 əməkdaşı, 1 tağım, habelə Bakının rayon Dövlət Yol Polisi şöbələrinin 11 əməkdaşı təsis edilən diplomlarla və müxtəlif şirkətlərin verdiyi hədiyyələrlə təltif olunublar.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, layihə 4 ay ərzində həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycanda yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın artırılması naminə DYP əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın gücləndirilməsi olub.

O deyib ki, həqiqətən də DYP əməkdaşları ilk Avropa Oyunları ərəfəsində müstəsna xidmətlər göstərib. "Elə ona görə də biz 31 diplom hazırlayıb onların əməyini qiymətləndirdik. İnanıram ki, bu əməkdaşlar da gələcəkdə öz işlərində daha yüksək nəticələr göstərəcək".

E.Muradlı bildirib ki, DYP əməkdaşları ilə görüşlərin təşkili ilə bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubova edilən müraciətə də müsbət cavab verilib və görüşlərə start verilib. Bundan əlavə, I Avropa Oyunları ərəfəsində Azərbaycan - ingilis dili lüğəti hazırlanaraq DYP əməkdaşlarına pulsuz paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi