Hüseyn Yusubov: “GAK bəzi qüvvələrin Azərbaycan daxilində parçalanma, xaos yaratmaq cəhdlərini qətiyyətlə pisləyir”
- 11 iyul, 2018
- 14:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 11 iyul. REPORT.AZ/ “Gürcüstan Azərbaycanlıları Konqresi iyulun 10-da Azərbaycanın Gəncə şəhərində baş verən hadisələri, bəzi qüvvələrin Azərbaycan daxilində parçalanma, xaos yaratmaq, sağlam qüvvələri biri-birilərinə qarşı qoymaq cəhdlərini qətiyyətlə pisləyir”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib.
GAK sədri deyib: “Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Gürcüstan ilə Azərbaycan çox vacib regional layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim ölkələrin deyil Avropanın özü üçün də mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi qüvvələr Azərbaycanın regiondakı aparıcı rolunu, sosial-iqtisadi inkişafımızı, siyasi sabitliyimizi qəbul etmək istəmirlər. Buna görə də müxtəlif yollarla, Azərbaycan daxilindəki satqın qüvvələr vasitəsilə sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bunun üçün hətta dini amildən də istifadə edirlər. İyulun 10-da Gəncədə baş vermiş hadisələr bunu bir daha sübut etdi”.
H.Yusubovun sözlərinə görə, həmin qüvvələr unudurlar ki, necə ki Gürcüstanda, eləcə də Azərbaycanda dini zəmində heç bir qarşıdurma və ayrı-seçkilik yoxdur: "Azərbaycan tolerant, multikultural ölkədir. Ona görə də hər hansı bir yolla münaqişə törədib, insanları qətlə yetirib, sonra da bunların dini zəmində baş verdiyini iddia edirlər. Biz bəyan edirik ki, bu deyilənlər Azərbaycanın günü-gündən artan nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil. Amma onlar heç vaxt öz istədiklərinə nail ola bilməyəcəklər. Biz Gürcüstanda yaşayan hər bir azərbaycanlı milli dövlətimiz Azərbaycanı sevirik. Azərbaycan dövləti və Prezidenti ətrafında sıx birləşərək hər hansı pozucu qüvvələrə qarşı qətiyyətli mübarizə aparmağa hazırıq”.