1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi oldu. Xalq öz seçimini etdi və böyük səs çoxluğu ilə Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənib. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlət çevrilişlərinin qarşısı alınıb, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Ulu öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib.
Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib.
İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu öndər olub. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ümummilli lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olub. Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz ümummilli lider Heydər Əliyevin siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır.
Milli Məclisin İntizam komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan məşhur "91-lər"in və partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov “Report”a deyib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini və suverenliyini bərpa etdi. Bu tarix elə bir dövrə təsadüf edirdi ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən yeni yaradılmış suveren dövlətin rəhbərliyinə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər gəlmişdi.
Onun sözlərinə görə, belə vəziyyət cəbhədə gərginliyi artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırmışdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Qarabağdan azərbaycanlıları zor gücünə qovur, etnik təmizləmə aparırdılar:
"Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildilər. Əvəzində erməni quldurlar 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımını törətdilər. Həmin ilin may ayında isə Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu. Özünü xalqın aparıcı qüvvəsi hesab edən Xalq Cəbhəsi və Müsavat cütlüyü bu faciələrdən istifadə edərək hakimiyyəti ələ aldılar. Lakin onların dövlətçilik və idarəetmə təcrübəsi yox idi. Cəbhəçilər işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilirdilər. Nəticədə ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən keçmiş Dağlıq Qarabağa qonşu 7 rayonun zəbt edilməsinə şərait yaratdı".
YAP funksioneri qeyd edib ki, düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək muxtar respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı:
"Heydər Əliyevin Naxçıvanda əldə etdiyi bu uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədi. Çünki Heydər Əliyev naxçıvanlılara, sözün əsl mənasında, arxa olduğu kimi, əhali də onun arxası idi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi. Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda ölkədə getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər tərəfdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bunun davamı kimi, 1993-cü il iyunun 4-də Gəncədə hərbi qiyam baş verdi, qardaş qanı axıdıldı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan cütlük məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Bakıya çağırmağa məcbur oldu. Amma Heydər Əliyev onların bu təkliflərini qəbul etmədi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim ulu öndəri təkidlə Azərbaycan rəhbərliyinə dəvət etdi. Xalq inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Xalqın çağırışını qəbul edib Bakıya dönən Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 İyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Cəmi 4 ayda sübut olundu ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yeganə şəxs məhz Heydər Əliyevdir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs verməsi də nümayiş etdirdi".
E.İbrahimov bildirib ki, Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu: "Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən daxili və xarici anti-Azərbaycan qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etdilər, terror aktları törətmək istədilər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı. Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət, iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi. Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi".
Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu.
Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcək. Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının sözügedən Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.
Bu qərar dahi siyasətçinin dərin zəkasının, fitri diplomatik istedadının, siyasi uzaqgörənliyinin, geniş dünya görüşünün, siyasi iradəsinin, hadisələri qiymətləndirmə bacarığının, peşəkar rəhbərlik xüsusiyyətlərinin, ensiklopedik biliyinin, məharətli natiqlik bacarığının daha dərindən və ətraflı öyrənilməsi baxımından çox vacibdir. Heydər Əliyev irsinin və şəxsiyyətinin öyrənilməsi yalnız ölkəmizdə deyil, elə bütün dünyada diplomatiya və politologiya sahələrinə bəxş edilmiş böyük töhfədir. Digər tərəfdən, Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.
Yazı Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü ilə əlaqədar elan etdiyi fərdi yazı müsabiqəsinin "Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi" mövzusunda təqdim edilir.