Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsistemi yaradılıb
- 24 aprel, 2020
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə altsistemin formalaşdırılmasını 2021-ci il yanvarın 1-dək təmin etmək tapşırılıb.
Sənəddə qeyd olunub ki, eyni zamanda nazirlik tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışını təmin etməli, altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görməlidir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə altsistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etmək tapşırılıb.
Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.
Həmçinin hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin etməlidirlər.