Gənclər və İdman Nazirliyi ilə AFFA bayraq aksiyası təşkil edib.
"Report"un məlumatına görə, gənclər paytaxtın 3 fərqli hissəsində bayraqlar paylayıblar.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında aksiyanın "Biz birlikdə güclüyük" adlandığını bildirib:
"Gənclər Azərbaycan vətəndaşlarına, əhaliyə bayraq paylayırlar. Hamıya bəllidir ki, gərgin döyüşlər gedir. Bayraqların eyvanlardan asılması, maşınlarda çox olması xalqımızın birliyidir, bayrağa və vətənə olan sevginin rəmzidir. Gənclər şəhərin 3 nöqtəsində, dayanacaqlarda maşınlara bayraqlar paylayırlar ki, bu gün şəhərimizdə daha çox bayraq olsun, birliyimiz daha da möhkəmlənsin".
Nazirlik rəsmisi aksiyanın gün ərzində davam edəcəyini də diqqətə çatdırıb: "Bu aksiya çərçivəsində minə yaxın bayrağın paylanılması nəzərdə tutulur. Bu, bizim əsgərlərimizlə həmyerliyimizi, onlara dəstəyimizi və Vətənə sevgimizi göstərir".