Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Gənclər və İdman Nazirliyi (AGİN) və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü keçirilib.
AGIN-in Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, nazir müavini İntiqam Babayev bildirib ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, onlarda liderlik keyfiyyətlərini inkişaf etdirməkdir.
İ.Babayev hazırkı proqramın ən gənc iştirakçısının bu il orta məktəbi bitirdiyini vurğulayıb. O bildirib ki, belə görüşlərin hər birinin ən böyük özəlliyi müxtəlif sahələrə məsul şəxslərlə gənclərin birbaşa görüşüdür. Bu da onlarda daha geniş məlumat bazasının yaranmasına və gələcək inkişafları istiqamətində böyük biliklərin əldə olunmasına səbəb olur.
Proqram iştirakçılarını salamlayan M.Qurbanlı Prezident İlham Əliyevin başçılığı ilə aparılan gənclər siyasətinin önəminə toxunaraq ölkədə gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda milli dəyərlərə malik vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Komitə sədri gənclərə nümunəvi tolerant və multikultural ənənələrə əsaslanan dövlət-din münasibətləri, mövcud dini durum, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyalar barədə geniş məlumat verib.
Mövcud uğurlu dövlət-din münasibətinlərinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri barədə gəncləri məlumatlandıran komitə sədri bildirib ki, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb: "Ulu Oöndər ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində xüsusi rol oynayıb".
Bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı var.
Cəmiyyətin bütün təbəqələrinin, xüsusən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin vacibliyinu diqqətə çatdıran DQİDK sədri Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərin təbliğində “Multikulturalizmə giriş” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıb.
Daha sonra proqram iştirakçılarının suallarını cavablandıran M.Qurbanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.