​Fuad Ələsgərov: “Xarici ölkələrin Azərbaycandakı QHT filial və nümayəndəlikləri bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər”

​Fuad Ələsgərov: “Xarici ölkələrin Azərbaycandakı QHT filial və nümayəndəlikləri bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər” “Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən 7,6 milyon manat məbləğində qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməyib”
Daxili siyasət
19 Noyabr , 2014 09:54
​Fuad Ələsgərov: “Xarici ölkələrin Azərbaycandakı QHT filial və nümayəndəlikləri bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər”

Bakı. 19 noyabr. REPORT.AZ/ “Beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının özləri, bir qayda olaraq, yalnız dövlət orqanlarında şəffaflıq və korrupsiya məsələlərini önə çəkirlər. Lakin təcrübə göstərir ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti də tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir. Bu, yalnız Azərbaycanda deyil, Qərb ölkələrində də belədir. Misal üçün qeyd edim ki, Fransanın “Mydecins du Monde” təşkilatı qeyri-hökumət təşkilatlarında korrupsiya faktları ilə bağlı araşdırma aparmaq istəyərkən ölkənin 17 ən böyük QHT-sindən 11-i bundan imtina edib. Bu da, təbii ki, həmin təşkilatların fəaliyyətində qaranlıq məqamların olduğunun göstəricisi idi”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da hamısının fəaliyyəti şəffaf deyil: “Bununla bağlı bir neçə faktı diqqətə çatdırmaq istərdim. “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant müqaviləsinə əsasən təxminən 358 min AZN məbləğində vəsait alıb. Qanunvericiliyə görə, qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı 9 qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirib. Başqa bir misal kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarıb və bundan şəxsi məqsədləri üçün istifadə edib”.

F.Ələsgərov təəssüflə deyib ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər: “Belə ki, son bir neçə il ərzində yerli QHT-lərə ABŞ-ın Demokratiyaya Yardım Fondu (NED) tərəfindən 83 qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) tərəfindən 12 qrant müqaviləsi əsasında 500 min manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (IREX) tərəfindən 35 qrant müqaviləsi üzrə təxminən 900 min manat, Avropanın Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən 300 min manat, Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılıb, lakin bu qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməyib.

Bu sahədə digər hüquq pozuntularına da rast gəlinir. Məlumatlara görə, bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər.

Burada bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər. Bundan belə nəticəyə gəlmək olar ki, müəyyən xarici təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməklə deyil, bəzi insanlara və təşkilatlara pul verib onları dövlətə qarşı yönəltməklə məşğuldurlar. Milli Demokratiya İnstitutu tərəfindən “NİDA” gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır. Bildiyiniz kimi, 2013-cü ildə bu hərəkat tərəfindən Bakı şəhərində qanunsuz toplantılar keçirilib, bu toplantılarda Milli Demokratiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “NİDA” üzvlərinin bu aksiyalar zamanı kütləvi iğtişaşlar törətməyi planlaşdırdıqları müəyyən edilib, onların bir sıra fəallarının üzərindən partlayıcı maddələr, külli miqdarda nağd pul aşkarlanıb. Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən 300 min ABŞ dolları məbləğində qrant ayırıb”.

Şöbə müdiri vurğulayıb ki, bu cür fəaliyyət yolverilməzdir. “Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir” – deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi