Nazirlər Kabineti “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nı təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov
Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi sahəsində dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir.
Sənədə əsasən, xüsusi vəziyyətlər – “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən epidemiya əleyhinə rejimin, “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən xüsusi hüquqi rejimlərin, sanitariya-gigiyena və ya karantin rejimlərinin elan olunduğu vəziyyətlərdir.
Sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və xüsusi vəziyyətin mövcud olduğu ərazinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin etməlidirlər.
Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışı üzrə aidiyyəti qurumlararası əlaqələndirməni Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya həyata keçirməlidir.
Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan 24 saat ərzində aidiyyəti dövlət orqanlarının və qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar yaratmalı və onların fəaliyyətini təşkil etməlidir.
Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışının təmini üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.