Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 28 il keçir.
“Report” bu əlamətdar gün münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məqaləsini təqdim edir:
“Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu günlərdə biz Azərbaycan dövlətçiliyi və xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Belə ki, iyirmi səkkiz il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində tamamilə yeni mərhələnin əsasını qoydu. Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulunun növbəti ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi Konstitusiya Gününü daha da əlamətdar edir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Əsas Qanunun qəbul edilməsi, həmçinin, ölkənin inkişafında yeni mərhələyə, yəni dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.
Məlum olduğu kimi, 2023-cü il dövlətimiz və cəmiyyətimiz üçün mühüm olan yubiley tarixləri ilə əlamətdardır. Bu il dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dahi öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderimizin əziz xatirəsinə və zəngin irsinə növbəti ehtiram nümunəsidir.
Eyni zamanda, 2023-cü il oktyabrın 15-də Dövlət Başçısı cənab İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi tamam olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dövlətimiz və xalqımız üçün ən düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə məhz bu siyasətin layiqli davamçısı olan cənab İlham Əliyevə böyük etimad göstərərək onu dəstəkləmişdir. Bununla da, ölkəmizin inkişafında tamamilə yeni bir mərhələ başlamışdır.
Azərbaycanın müasir dövlətçilik tarixinə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yeni şəraitə uyğunlaşdırdığı siyasət nəticəsində dövlətimiz misilsiz inkişaf yolu keçmişdir.
Müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesində ilk Konstitusiyasının qəbulu dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindəndir. Hər bir azərbaycanlı Ulu Öndərin şəxsiyyətinə, onun ideyalarına və qoyduğu dəyərli irsə dərin hörmət hissi ilə yanaşır. Dahi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və ümumxalq sevgisi qazanmışdır. Şübhəsiz ki, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır və Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin öyrənilməsi hər zaman aktual məsələ olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz tarixi nöqteyi-nəzərdən qısa müddət ərzində əsrlərə bərabər inkişaf yolu keçdi. Məhz dahi Heydər Əliyevin iradəsi, ağlı, təcrübəsi və digər mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və Vətəninə sevgisi sayəsində müasir müstəqil Azərbaycan dövləti quruldu və möhkəmləndi.
Müstəqil Azərbaycan dövlətinin qurulmasına və bu müstəqilliyin qorunub saxlanılmasına xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.
Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşması və möhkəmləndirilməsindəki misilsiz fəaliyyəti hər birimiz üçün böyük örnək olaraq daim qalacaqdır.
Qeyd edilməlidir ki, Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyətlərin bölgüsü və digər demokratik dəyərləri özündə ehtiva edərək, həmçinin, olduqca mühüm ideoloji funksiyanı yerinə yetirir. Bu baxımdan 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu üçün vacib olan tədbirlərin həyata keçirilməsi, o cümlədən demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi labüd idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik və vahid siyasi iradənin mövcud olmaması bu mürəkkəb və məsuliyyətli vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi.
Məhz belə bir çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə ölkə vətəndaşlarını milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu. Bununla da, dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zamanlar ölkədə mövcud olan qanunvericilik sistemi hüquqi və demokratik dövlət ideyasının tələblərinə, qanunun aliliyinin təmin olunmasına uyğun olmamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə kifayət qədər təminat vermirdi. Bu səbəbdən də ilk öncə qanunvericilik sahəsində köklü islahatların aparılması artıq bir zərurətə çevrilmişdir. Əlbəttə ki, bu islahatları ölkənin Əsas Qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi. Məhz bu səbəbdən qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması idi.
Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirilib. Həmin iclasda geniş nitq ilə çıxış edən Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması olduqca mühüm bir tarixi hadisədir. Ümummilli Lider Heydər Əliyev həmin çıxışında vurğulamışdır: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Bu çıxışında Ümummilli Lider ölkənin Əsas Qanununun mahiyyətinə aydınlıq gətirərək, belə söyləmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Eyni zamanda, Konstitusiya Komissiyasının 1995-ci il okyabrın 3-də keçirilən iclasında Ümummilli Lider Heydər Əliyev Komissiyanın sədri olaraq Əsas Qanunda əks olunmasını vacib hesab etdiyi bəzi məqamları xüsusi olaraq vurğulamışdır: “Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır....
Konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin”.
Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyət göstərdiyi zaman Əsas Qanunun layihəsinə dair öz dəyərli fikirlərini bildirmiş və tövsiyələrini vermiş, hər bir müddəanı şəxsən nəzərdən keçirərək onun qəbul edilməsini təmin etmək üçün böyük əmək sərf etmişdir. Beləliklə, yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir.
Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd edilir.
1995-ci ildə qəbul edilmiş Konstitusiya demokratiya və hüquqi dövlət prinsipləri ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda dövlətçiliyin tərəqqisi üçün etibarlı zəmin yaratdı. Məhz dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz əməyinin nəticəsi olan bu böyük tarixi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla irəliləməsi, milli-mənəvi dəyərlərimizin hərtərəfli qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkanlar yaratdı.
Qanunvericilik sisteminin əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin təminatı qismində çıxış edir və eyni zamanda hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Əsas Qanun dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir.
İstənilən dövlətin Əsas Qanunu ən mühüm ictimai münasibətlərin normativ modelini özündə ehtiva edir. Bununla da, müxtəlif ictimai institutlar arasında funksional münasibətləri müəyyən edir. Dövlət quruculuğu ilə bağlı müasir doktrinal yanaşmalara əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası siyasi, iqtisadi və sosial münasibətlər sisteminin təməl prinsiplərini müəyyən edir. Ölkə Konstitusiyasının hüquqi fəlsəfəsinin özəyini demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir.
Ölkənin Əsas Qanununun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.
1995-ci ildə qəbul edilən Əsas Qanun konstitusiya quruluşunun mühüm başlanğıcı olaraq xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, həmçinin sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.
Əsas Qanunda müasir sivil cəmiyyətlərin əsas inkişaf istiqamətlərini müəyyən edən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideya və dəyərlər geniş şəkildə əks olunub. Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir.
Konstitusiyada, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşması və digər mühüm ideya və normalar təsbit edilmişdir.
Eyni zamanda, qeyd edilməlidir ki, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır.
Konstitusiyanın təxminən üçdə bir hissəsi, yəni ən böyük fəsli məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və bu hüquq və azadlıqların müdafiəsinə həsr edilmişdir. Həmin fəsildə demokratik dövlətdə təmin edilməsi vacib olan hüquq və azadlıqlar, onların həyata keçirilmə mexanizmləri, həmçinin ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının mümkün hədləri nəzərdə tutulmuşdur.
Qeyd edilməlidir ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eyni zamanda ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ hüquqi akt olan Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. Müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edib.
Konstitusiyanın qəbulundan ötən müddət bir daha onu göstərdi ki, ölkə həyatının müxtəlif sahələrini əhatə edən irimiqyaslı islahatlar öz əsasını müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanundan götürüb.
Ölkə Konstitusiyası qəbul edildikdən sonra 1998-ci ildə ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.
Fəaliyyət göstərdiyi ötən 25 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 559 qərar və 164 qərardad qəbul edilib. Bu qərar və qərardadlar, onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə edilməsinə xidmət edir. Qeyd edilməlidir ki, cari il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkə Konstitusiyasında təsbit edilmiş normaları rəhbər tutaraq bir sıra mühüm qərar və qərardadlar qəbul edilib.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 iyul tarixli Qərarda formalaşdırılan hüquqi mövqedə Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə, 16-cı maddəsinin I hissəsinə və 35-ci maddəsinə istinad etmişdir. Bu Qərarda qeyd edilmişdir ki, hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur.
Həmçinin qeyd edilmişdir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s.
Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 195-ci maddəsinə, 191-ci maddəsinin 1-ci hissəsinə istinad edərək qeyd etmişdir ki, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur.
Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz.
Bu qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
Bakı Apellyasiya Məhkəməsinin digər müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 1 sentyabr tarixli Qərarında Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə və 71-ci maddəsinin II hissəsinə istinad edilmişdir.
Adıçəkilən Qərarda qeyd edilmişdir ki, məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur.
Həmçinin bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur.
Qeyd edilmişdir ki, residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir.
Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə, məhkəmə hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi cəza təyin etmə kimi qəbul edilməsə də, bu cür qərarın doğurduğu hüquqi nəticələrə müvafiq olaraq törətdiyi konkret cinayətə görə məhkum olunmuş şəxs cəzasının çəkilməmiş hissəsindən daha yüngül cəzanı çəkməkdə davam edir. Bu halda məhkumluğun ödənilməsi müddəti şəxsin törətdiyi konkret kateqoriyadan olan cinayətə görə müəyyən edilməklə, əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.
Eyni zamanda qeyd edilmişdir ki, Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.
Digər bir qərar, Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 12 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 72-ci maddəsinin II hissəsi və 80-ci maddəsinə istinad etmişdir.
Bu Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır.
Bu Qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın subyekti qismində çıxış edə bilərlər. Lakin həmin maddədə müəyyən edilmiş xətaya, yəni ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə tətbiq olunacaq tənbeh növünün seçilməsi zamanı Məcəllənin başqa maddələrinin, o cümlədən 27.1-ci maddənin tələblərinə şərtsiz riayət olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında onu da qeyd etməyi vacib bilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir. Bu prinsiplərin tələblərinə riayət edildiyi təqdirdə, inzibati tənbeh tədbiri olaraq xüsusi hüququ olan şəxsin ov hüququnun ən azı altı ay müddətinə məhdudlaşdırıldığı halda, bu hüquqa malik olmayan şəxsin törətmiş olduğu xətaya görə cərimə olunmasından sonra ov hüququ əldə edərək ovçuluğa daha tez müddətdə başlaya bilməsi imkanı Konstitusiyanın 25-ci maddəsində təsbit olunan bərabərlik hüququnun pozulması anlamına gəlmir.
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən və həmçinin digər qərarlarında əksini tapan hüquqi mövqelər ilk öncə məhz Konstitusiyanın müvafiq müddəalarına əsaslanır. Ölkə Konstitusiyası bütün qanunvericilik sisteminin əsasında durmaqla, digər normativ hüquqi aktlar öz başlanğıcını Əsas Qanundan götürür. Bu baxımdan Konstitusiya Məhkəməsi dövlətin Əsas Qanununun öyrənilməsinə və bununla da, cəmiyyətdə təbliğ edilməsinə xüsusi önəm verir.
Məhz bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsi tərəfindən xüsusilə gənclər arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, onların hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadaları təşkil edilir.
Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, Azərbaycan xalqı möhtəşəm nailiyyətlər əldə edərək yeni tarix yazır. Şübhəsiz ki, qazanılan bütün nailiyyətlərin, uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycan dövlətinin əsl müstəqilliyini əldə edərək, onu qoruyub saxlamasını təmin edən məhz dahi şəxsiyyət Heydər Əliyev olub. Bugünkü hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Ulu Öndərin fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə ən vacib istiqamətlərdən biri Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası idi. İşğalın və onun yaratdığı ağır nəticələrin daha da genişlənməsinin qarşısını almaq məqsədi ilə Ulu Öndər tərəfindən bir sıra hərtərəfli düşünülmüş mühüm addımlar atıldı. Belə ki, məhz Ümummilli Lider Heydər Əliyevin güclü və qətiyyətli siyasi iradəsi nəticəsində 1994-cü ildə atəşkəsə dair razılıq əldə olundu.
Ulu Öndər atəşkəs rejimi nəticəsində meydana gələn vəziyyətdən yararlanmaqla qısa müddət ərzində bir çox sahələrin inkişafında, o cümlədən dövlətin nizami milli ordusunun formalaşmasında əhəmiyyətli addımlar atdı. Tarixi ədaləti və ölkənin ərazi bütövlüyünü bərpa etmək, həmçinin dövlət müstəqilliyini möhkəmləndirmək məqsədilə Ordu quruculuğunda köklü islahatların aparılması, dünya standartlarına cavab verən güclü Silahlı Qüvvələrin yaradılması Ümummilli Lider Heydər Əliyev tərəfindən prioritet istiqamətlərdən biri olaraq müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin sayəsində milli-hərbi kadrların yetişdirilməsi üçün müvafiq tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməyə başlandı.
Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu və təkmilləşmə prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan dövləti hərtərəfli güclü, hərbi qüdrəti, yüksək döyüş qabiliyyəti olan müasir Orduya malikdir. Hərbi quruculuq prosesi Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında keyfiyyət baxımından tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu və bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz şərəfli missiyasını müvəffəqiyyətlə davam etdirir.
Məhz Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirərək, əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri əldə etdiyi Qələbə ilə dünyanın müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə göstərdi.
44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə Dövlət Başçısı cənab İlham Əliyevin dönməz siyasi iradəsi, qətiyyətli hərbi və diplomatik fəaliyyəti, Rəşadətli Azərbaycan Ordusunun şücaəti və Azərbaycan xalqının ümumi məqsəd naminə birliyi sayəsində mümkün oldu.
Vətən müharibəsindəki şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi əsl qəhrəmanlıq salnaməsidir. Əminliklə demək olar ki, bu tarixi Qələbə xalqımıza əbədi qalibiyyət qazandırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İkinci Qarabağ müharibəsinin başa çatmasından üç il keçir və dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam edir. Məlum olduğu kimi, cari ilin aprelin 23-də daha bir olduqca mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına əsaslanan özünün legitim və suveren hüququnu reallaşdıraraq Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qurdu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bütün əraziləri üzərində nəzarətinin tam bərpa edilməsi, bununla da bu ərazilərdə qanunçuluğun təmin edilməsi demək idi. Eyni zamanda bu mühüm hadisə ümumilikdə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm addım oldu.
Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və növbəti təntənəsi oldu.
Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. Belə ki, Azərbaycan Ordusunun mövqeləri sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. Eyni zamanda, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olmuş, həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.
Bununla da, 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr tarixində bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılmışdır.
İyirmi dörd saatdan az bir müddətdə başa çatan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olundu, hərbi təyinatlı vasitələr zərərsizləşdirildi.
19-20 sentyabrda Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qətiyyətli hərbi və siyasi gücünün daha bir göstəricisi oldu.
Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Dövlət Başçısı cənab İlham Əliyev antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsi ilə bağlı qeyd etmişdir: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”.
Əminliklə vurğulanmalıdır ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin məntiqi yekunu oldu.
2023-cü il 15 oktyabrda Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Dövlət Başçısı cənab İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərindəki çıxışında qeyd edib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Azərbaycan dövlətinə və xalqına xidməti başlıca həyat amalı hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, balanslı daxili və xarici siyasəti nəticəsində qarşıya qoyulmuş ən əsas vəzifəyə - işğal altında olan Azərbaycan torpaqlarının tam azad edilməsinə və suverenliyin bərpasına nail olundu.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyası etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir. Aktual məsələlərdən biri Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi ilə bağlıdır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu məsələ Azərbaycan dövlətinin daxili məsələsidir, Qarabağın erməni əsilli əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
44 günlük Vətən müharibəsidən və ondan sonrakı dövrdən bəhs edərkən hər zaman olduğu kimi bu dövr ərzində də bu il Cümhuriyyətin 100 illiyini qeyd edən Türkiyə dövlətinin Azərbaycana olan dəstəyi xüsusi olaraq vurğulanmalıdır. Qeyd edilməlidir ki, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan əməliyyatların başladığı gündən qardaş Türkiyə daim öz siyasi və mənəvi dəstəyini göstərərək, müharibə ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, eyni zamanda qarşı tərəfin yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirmişdi. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da Azərbaycanın haqlı mövqeyinə ilk olaraq dəstəyi qardaş Türkiyə nümayiş etdirdi. BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağın Azərbaycan torpağı olması, bundan başqa hər hansı bir statusun tətbiqinin qəbuledilməz olduğunu bir daha vurğulamışdır.
Xüsusilə qeyd edilməlidir ki, türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən əlaqələr ildən-ilə daha da güclənir. Bu əlaqələrin vacibliyini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə çıxışı zamanı bir daha qeyd etmişdir: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Bu gün qarşıda duran ən mühüm prioritet istiqamət işğaldan azad edilmiş ərazilərin tez bir zamanda bərpa edilməsidir. Biz hamımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə bərpa-quruculuq işlərinin yüksək sürətlə aparıldığının şahidiyik. Bu ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirir. İşğaldan azad edilən ərazilərdə misli görünməmiş irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətli ifrastruktur layihələri sürətlə həyata keçirilir, müasir standartlara cavab verən yollar, tunellər, elektrik, su xətləri, dəmir yolları çəkilir, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri reallaşdırılır, beynəlxalq hava limanları inşa olunaraq istifadəyə verilir. Görülən bütün bu genişmiqyaslı işlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonlarından birinə çevriləcəyindən xəbər verir.
Bu baxımdan mühüm məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi, dini və mədəni abidələrimizin bərpa edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə görülən işlər bu ərazilərin dirçəlişinə, inkişafına, eyni zamanda milli yaddaşımızın bərpasına mühüm töhfədir.
Bir vacib məqam da ondan ibarətdir ki, Dövlət Başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlətimiz işğaldan azad edilmiş ərazilərdə məhz öz iqtisadi gücünə arxalanaraq olduqca böyük işlər görür.
Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı quruculuq işlərinin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir ki, tarixi Zəfər nəticəsində regionda yaranan yeni reallıqlar həm ölkəmiz, həm də ümumilikdə bölgə üçün geniş perspektivlər vəd edir.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması ilə yanaşı, bu torpaqlara yerli əhalinin qayıtması Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı qarşıda duran ən vacib istiqamətlərdən biridir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə reallaşdırılmalı olan beş Milli Prioritet ehtiva edilmişdir. Nəzərdə tutulan prioritetlərdən biri də məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır.
Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən 2022-ci il 16 noyabr tarixində imzalanan Sərəncam ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin qısa zamanda doğma yurdlarına qayıtmaları istiqamətində dövlətin bütün imkanları səfərbər edilib. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın şəhərinə, Laçın rayonunun Zabux kəndinə, Füzuli şəhərinə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar. 30 il əvvəl öz doğma yurdlarını tərk etməyə məcbur edilmiş sakinlər indi layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdır.
44 günlük Vətən müharibəsi və sentyabrın 19-20 tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.
Hazırda dövlətimiz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan gündən-günə daha da güclənərək özünün qüdrətli dövrünü yaşayır.
Bu gün dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında Azərbaycan qabaqcıl yerlərdən birini tutur. Bu inkişafın əsasında uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və tələblərinə uyğun həyata keçirilməsi milli inkişafın fundamental əsasını təşkil edir.
Respublikamız sabit, davamlı və dayanıqlı inkişaf edən ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və eyni zamanda əsas iştirakçısıdır. Həmçinin ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər məkanı kimi tanınır. Ölkəmiz hər il mötəbər Zirvə sammitlərində fəal iştirak və ev sahibliyi edir. Bu cür beynəlxalq sammit, konfrans və görüşlərdə fəal iştirak ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunun daha bir göstəricisidir.
Müstəqil siyasət həyata keçirən dövlətimiz İkinci Qarabağ müharibəsindən sonra iqtisadi potensialını daha da artırdı. Azərbaycan regionun lider dövləti olaraq bölgədəki yeni reallıqların, iqtisadi-siyasi proseslərin əsas iştirakçısıdır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr, eyni zamanda ümumilikdə regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz töhfəsini verir. Hazırda Azərbaycan çoxəsrlik tarixi ərzində olmadığı qədər güclü, qüdrətli dövlətə çevrilib. Beynəlxalq aləmdə nüfuzu daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır. Dövlət Başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.
Əmin olduğumu bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı bundan sonra da tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və işğaldan azad edilmiş torpaqlarda ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Bu böyük Qələbə hər birimizi olduqca fərəhləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun bizə bəxş etdiyi 8 noyabr - Zəfər Günü, 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.