​Əli Hüseynli: “Müxalifət və onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər”

​Əli Hüseynli: “Müxalifət və onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər” “Azərbaycan torpaqlarının işğalının asanlıqla reallaşmasının günahkarı AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir”
Daxili siyasət
13 İyun , 2016 12:11
​Əli Hüseynli: “Müxalifət və onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər”

Bakı. 13 iyun. REPORT.AZ/ "Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir. Ola bilsin ki, iqtidarın siyasəti ilə razılaşmayanlar var. Amma bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, xalqın formalaşması prosesi başa çatıb".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

Ə.Hüseynli bildirib ki, bütün bunların əsasında qurtuluş məfkurəsi dayanır: "Qurtuluş məfkurəsi Azərbaycının inkişafı üçün fundament rolunu oynadı. Biz qonşu ölkələrdə vəziyyəti analiz edəndə görürük ki, onlar Azərbaycanın 1993-cü ildə yaşadıqlarını indi yaşayırlar. Ukrayna hadisələri buna bariz nümunədir. Bir sıra ölkələr milli təfəkkürün, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini başa çatdırmayıb".

Ə.Hüseynli qeyd edib ki, nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər: "Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə heç qəbul olunmurlar. Bunu özləri də bilirlər. Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi. O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir".

Son xəbərlər

Orphus sistemi