“Hazırda ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır”.
“Report” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin iki istiqamətdə aparıldığını qeyd edən komitə sədri bildirib:
“Bunlardan birinci preventiv üsullar, yəni, qabaqlayıcı tədbirlər, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və digər mexanizmlərdir. İkinci istiqamət isə cinayət təqibidir. Son illər ölkəmizdə idarəetmə sahəsində şəffaflığı təmin etmək üçün bir sıra struktur islahatları həyata keçirilib”.
Əli Hüseynli vurğulayıb ki, əgər ictimaiyyəti narahat edən, cəmiyyətə ciddi zərər vuran cinayət hadisələri mövcuddursa, təbii ki, cinayət təqibi həyata keçirilməlidir.
“Cinayət yolu ilə əldə olunan vəsaitlər, maddi nemətlər qanunvericiliyə əsasən müsadirə olunmalıdır. Cəmiyyət, vətəndaşlar dövlətimizin başçısının bu istiqamətdə siyasətini dəstəkləyir”, - deyə o bildirib.