Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 89 nömrəli və “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 26 aprel tarixli 189 nömrəli qərarlarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir
Qərarla “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda dəyişiklik edilib.
Qeyd olunub ki, bu qayda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun 19.6-cı maddəsinə əsasən hazırlanıb və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin (bundan sonra - yardım mərkəzləri) fəaliyyəti qaydasını müəyyən edir.
Yardım mərkəzləri - məişət zorakılığından zərər çəkmiş şəxslərə (bundan sonra - zərər çəkmiş şəxslər) hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır.
Qərarla yardım mərkəzlərinin fəaliyyət istiqamətlərində də dəyişiklik edilib. Bundan sonra Mərkəz zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil edəcək.
Qərara əsasən, “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə də dəyişiklik edilib. Dəyişikliklə Peşə təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri müəyyənləşib.
Bundan sonra Peşə təhsili müəssisəsi yetkinlik yaşına çatmayanların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların tibbi, sosial reabilitasiyasını, psixoloji reabilitasiya və psixoloji korreksiyasını təmin edəcək.
Qərarla peşə təhsili müəssisəsinin vəzifələrində də dəyişiklik edilib.
Peşə təhsili müəssisəsinin vəzifələri sırasına Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq tibb, iaşə və psixoloji xidmətləri təşkil etmək və "Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək də əlavə olunub.