“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda Dəyirmi Masa təşkil edib.
“Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ANAMA-nın, Ombudsman Aparatının nümayəndəsi, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Polşa, Almaniyanın Azərbaycandakı səfirləri iştirak edib.
Tədbirdə çıxış edən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Azərbaycan 30 ildən artıqdır mina problemi ilə qarşı-qarşıyadır: "Azad olunan ərazilərdə aparılan işlər nəticəsində 1 milyondan çox minanın basdırıldığı məlum olub. Lakin işğal zamanı təkcə burada deyil, Ermənistan və İranla sərhəddə də minalar basdırılıb".
"LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut qeyd edib ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar edəcəyik".
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycanın bu gün Cənubi Qafqazda mina problemindən ən çox əziyyət çəkən ölkə olduğunu vurğulayıb: “Biz çalışırıq ki, Azərbaycana əlimizdən gələn qədər kömək edək ki, bu problemi həll edə bilsin. Mina problemi siyasi məsələ deyil, humanitar məsələdir. Avropa İttifaqı Azərbaycanda mina probleminin aradan qaldırılmasında maraqlıdır. Lakin bu, çox uzun bir prosesdir”.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin Beynəlxalq əlaqələr və donorlarla iş bölməsinin müdiri Rövşən Kərimov nəzərə çatdırıb ki, ANAMA humanitar minatəmizləmə işləri çərçivəsində 110 hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: "ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük mrahibədən sonra 18 mindən çox tank əleyhinə, 30 mindən çox piyada əleyinə minalar, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib".
Daha sonra mina qurbanları yaşadıqları problemlərlə əlaqədar tədbir iştirakçılarını məlumatlandırıb, mina problemi ilə mübarizədə beynəlxalq təşkilatlara çağırışlar ediblər.
Tədbir sözügedən problemlərin müzakirəsinə həsr olunmuş panel iclasları ilə davam edib.