"Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında səsləndirib.
Dövlət başçısı deyib: “Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur”.
Prezident İlham Əliyev Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflərin hazırlanması və yerlərin seçilməsi ilə bağlı tapşırıq verib. “Yenə də deyirəm, belə templə ki, biz gedirik, 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik”, - dövlət başçısı qeyd edib.