"Bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil".
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Şuşa bəyannaməsinin imzalanmasından sonra keçən il ərzində Azərbaycan və Türkiyə arasında siyasi dialoq sistemi intensiv xarakter alıb: "Qarabağ bölgəsində Türkiyənin mövcudluğu ölkəmiz üçün xüsusi önəm daşıyıb və bu iştirak ümumilikdə regionun təhlükəsizliyinə töhfə verəcək. Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasının həyata keçirilməsi vacib siyasi və mühüm məsələdir. Azərbaycan-Ermənistan, eləcə də qonşu dövlətlər bu işi davam etdirməlidirlər. Hər hansı şərh və maneələr bu prosesi dayandırmamalıdır. Ermənistan siyasi dairələri sülhün bərqərar olması ilə bağlı bir-birinə zidd fikirlər səsləndirirlər. Biz bu fikirləri yersiz və keçərsiz sayırıq. Çünki sülhə alternativ nəsə yoxdur. Regionda yaranmış potensialları nəzərə alsaq, bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil".
X.Xələfov bildirib ki, Azərbaycanın qələbəsinin simvolunu Şuşa təşkil edir: “İkinci Qarabağ müharibəsindən danışırıqsa, Şuşanın işğaldan azad olunması bu qələbənin üzük daşıdır. Bu gün əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyidir. Bunun ətrafında bütün səylərimizi göstəririk. Şuşa Bəyannaməsinin bir çox bəndləri bu sülh gündəliyinin irəli aparılmasına yönəlib. Bəyannamənin müddəaları Azərbaycan müstəqiliyyini bərpa etdikdən sonra 30 il ərzində qarşımızda əməkdaşlıq və həmrəylik, xüsusilə də 44 günlük Vətən müharibəsi günlərində formalaşmış və təşəkkül tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığının gələcəyinə yönəlik konturlarını və əsas istiqamətlərini bu bəyannamənin mətnində öz imzaları ilə tarixə yazıblar”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoyub: “Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı fəaliyyət və dəstəyə əsaslanan müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir. Bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səyləri artırır”.