ABŞ Prezidenti Cozef Baydenin son addımları, öz nümayəndələrini Ermənistana və Azərbaycana göndərməsi, hər iki dövlətə məktubların ünvanlanması onu göstərir ki, bölgədə sülhün əldə olunmasında maraqlı deyil, sadəcə adını tarixə yazdırmaq niyyətindədir.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalının efirində "İşgüzar səhər" verilişində deyib.
O xatırladıb ki, ABŞ-də yaxın vaxtda prezident seçkisi keçiriləcək, Bayden bu seçkidə iştirak etməsə də, yeni seçiləcək prezidentin inauqurasiyasına qədər səlahiyyətlidir:
“Bayden məktubların hər ikisində qeyd edib ki, ABŞ ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasını gözləyir. Bu da Baydenin sülhün nail olunmasına təşəbbüs göstərərək adını tarixə yazdırmaq niyyətini ortaya qoyur. Ermənistan tərəfi bildirir ki, müqaviləni imzalamağa hazırdır. Onların iddiasınca, sülh müqaviləsinin 13 bəndi və ya 80 faizi tərəflər arasında razılaşdırılıb. Ermənistan qalan məsələlər üçün üzərinə öhdəlik götürə bilər”.
O qeyd edib ki, Azərbaycan tərəfindən isə güzəşt o ola bilər ki, razılaşdırılmış məqamlar üzrə müqavilə imzalansın, qalan məqamlar sonraya saxlanılsın.
F.Hüseynəliyev qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərti Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bu, ən vacib bənddir:
“Bu həyata keçirilmədən Azərbaycanın sülh müqaviləsini imzalayacağını düşünmürəm. Güzəşt kimi onu edə bilərik ki, referendum layihəsi, buna çıxarılacaq suallar, konstitusiyaya ediləcək dəyişikliklər hazırlanır, Ermənistanda aktiv proses gedir. Bəlkə o zaman Azərbaycan tərəfi müqavilənin ilkin versiyada imzalanmasına gedər”.
Onun fikrincə, istənilən halda, Ermənistan öhdəlik götürməlidir ki, referendumla, ya da başqa yolla konstitusiyadakı Azərbaycana qarşı bəndlərin çıxarılmasını təmin edəcək.
“Report”un direktoru vurğulayıb ki, Ermənistanda konstitusiyanın dəyişdirilməsi 2027-ci il üçün nəzərdə tutulur:
“Amma bu çox uzun prosesdir. Ermənistan müstəqillik aktının konstitusiyaya bağlılığı məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin rəyini də aldı. Ermənilər hər vəchlə çalışırlar ki, referendum sülhün qarşısını almasın. Əsas məsələ erməni xalqının sülhü qəbul etməsi, gələcəkdə Azərbaycana ərazi iddiaları irəli sürməməsi, bunun ölkənin ən əsas qanununda təsbitidir. Bütün bunlar həll edilməsə, biz gələcək nəsillər üçün hər an partlamaq ehtimalı olan bomba saxlayırıq”.
İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasının real olmadığını söyləyən F. Hüseynəliyev diqqətə çatdırıb ki, müqavilələrdə bir neçə mərhələ olur.
Onun fikrincə, hansısa razılaşdırılmış bəndlər üzrə ilkin imza atıla bilər. Yəni, bunlara sonra qayıdılmasın, qalan bəndlər üzərində isə daha ciddi iş aparılsın, Ermənistan referenduma hazırlaşsın.
Agentliyin direktoru deyib ki, Ermənistan konstitusiyasında cəmi bir-iki bənd dəyişəcək. Bu isə uzun proses deyil, onlar 2027-ci ildə deyil, məsələn, 2025-ci ilin yayında referendum keçirilə bilər.
“Sülh müqaviləsinin imzalanması 2025-ci ilə qaldıqda ABŞ-nin siyasətində dəyişiklik ola bilərmi?” sualına gəlincə, Fuad Hüseynəliyev xatırladıb ki, ABŞ hakimiyyətində demokratlar olanda Azərbaycanla münasibətdə soyuma baş verir:
“Kamala Harris hakimiyyətə gələrsə, sülh prosesinə töhfə verməyə bilər. Donald Trampın isə biznesmen, praqmatik siyasətçi, Respublikaçılar partiyasının nümayəndəsi olaraq, sülhə üstünlük verəcəyini düşünürəm. Trampı sülhün hansı şərtlərlə bağlandığı maraqlandırmayacaq. O sülhün əldə olunmasını əsas hesab edəcək”.