Bakı. 26 sentyabr. REPORT.AZ/ “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalı artırılıb.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazirin birinci müavini Yaqub Eyyubov qərar imzalayıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4-cü (Cəmiyyətin nizamnamə kapitalı və əmlakı) maddəsində qeyd olunub ki, Cəmiyyətin nizamnamə kapitalı 400 milyon manatdır. Dəyişikliklkə bu məbləğ 408 749 120 manata çatdırılıb.
Sənədə əsasən, Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən bir ısra dövlət əmlakları həmin Cəmiyyətin balansına verilməklə onun nizamnamə kapitalına yönəldilib. Həmin dövlət əmlakları bunlardır:
1. “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru,
2. “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti,
3. “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru,
4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti,
5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti,
6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti,
7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.
İndiyədək cəmiyyətin nizamnamə kapitalı onun səhmdarları tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunmuşdu (nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 20000000 ədəd adi səhmlərdən ibarətdir). Qərarla səhmlərin sayı da artırılaraq 20 437 456 ədədə çatdırılıb.
Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bu zaman pul olmayan əmlakın dəyəri səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir.