Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.
Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.
Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm".