Prezident
"Report" xəbər verir ki, fərmanda deyilir:
"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir".
Fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Sənədlə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
Həmçinin fərmanla müəyyən edilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.