"Azərbaycanda çox az sayda peşəkar və akademik üzvlər şəbəkəsi olan qeyri-hökumət təşkilatı var".
Bu sözləri "Report"a açıqlamasında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili deyib.
O qeyd edib ki, Şuşanın hazırda ən böyük problemi də məhz tarixi-mədəni irsin beynəlxalq QHT-lər çevrəsində düzgün təqdim olunması və ictimai rəyə təsir etməsidir:
"Beynəlxalq QHT-lər - UNESCO, Dünya Abidələr Fondu, Avropa Arxeoloqları Asossiasiyası və s. kimi təşkilatlar həlledici təşkilatlar olub, diplomat, siyasətçi, jurnalist sözlərinə deyil, akademik araşdırmalara əhəmiyyət verirlər".
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinə "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi ilə qoşulduğunu deyən F.Xəlilli bildirib ki, bu araşdırmalar əslində beynəlxalq arenada mədəni irs təşkilatı kimi qəbul edilən yerli qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməlidir:
"Ona görə də bu müsabiqədə belə boşluğun aradan qaldırılması üçün maraqlı layihələrin qalib olduğunu görürəm və bu tendensiyanı təqdir edirəm. İctimaiyyətimiz bilsin ki, bu sahədə bilinən və bilinməyən, görünən və görünməyən "cəbhə döyüşləri" gedir və bu sahədə akademik imkanları geniş olan və birləşə bilən QHT-lərin artmasına ehtiyac var".
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələri Şuşada elan edilib.