Nazirlik Azərbaycan və Çexiya XİN başçılarının görüşünə dair məlumat yayıb

Nazirlik Azərbaycan və Çexiya XİN başçılarının görüşünə dair məlumat yayıb Azərbaycan və Çexiya xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.
Daxili siyasət
247
30 Sentyabr , 2021 15:35
Nazirlik Azərbaycan və Çexiya XİN başçılarının görüşünə dair məlumat yayıb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana işgüzar səfəri çərçivəsində Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb. 

Xarici işlər nazirləri arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Çexiya nümayəndə heyətini salamlayan nazir Ceyhun Bayramov ölkəmizin Çex Respublikası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib və bu xüsusda, “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib.

İkitərəfli səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Çexiya nazirinin cari səfərinin və bu çərçivədə keçirilmiş görüş və tədbirlərin əhəmiyyətini vurğulayıb.

Nazir Yakub Kulhanek rəhbərlik etdiyi nümayəndə heyətinin dostcasına qarşılanmasından məmnunluq ifadə edərək, Azərbaycanın Çexiya üçün vacib tərəfdaş ölkə olduğunu qeyd edib. O, səfəri çərçivəsində Biznes Forumunun açılışında iştirakını məmnunluqla qeyd edərək, hər iki tərəfdən önəmli sayda şirkətlərin iştirak etdiyi bu tədbirin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün önəmli olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə humanitar, turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan post-münaqişə mərhələsi və ən son vəziyyət, o cümlədən Azərbaycan tərəfinin Ermənistan işğalından azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib. Nazir, bu ərazilərdə Ermənistan tərəfindən onilliklər ərzində məqsədli şəkildə basdırılan minalar və bu ciddi təhdidin ağır nəticələrindən danışıb. Azərbaycan tərəfinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın icrası ilə bağlı gördüyü tədbirlər barədə qarşı tərəfə məlumat verilib.

Nazir Yakub Kulhanek bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb və Çexiya şirkətlərinin bərpa və quruculuq prosesində iştirak etmək marağını ifadə edib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

11:54
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yakub Kulhanek arasında təkbətək görüş keçirilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov və Yakub Kulhanek
Ceyhun Bayramov və Yakub Kulhanek

Son xəbərlər

Orphus sistemi