Azərbaycan Prezidenti: "Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır" - YENİLƏNİB

Azərbaycan Prezidenti: "Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır" - YENİLƏNİB "Onun deputat kimi geniş beynəlxalq fəaliyyəti də var və bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb"
Daxili siyasət
21 Fevral , 2017 14:15
Azərbaycan Prezidenti: Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında mühüm və fəal rol oynayır - YENİLƏNİB

Bakı. 21 fevral. REPORT.AZ/ "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır". 

"Report" xəbər verir ki, bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçısı bildirib: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu partiya ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə çatır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Deputat kimi onun geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentdir. Heydər Əliyev Fondu onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.

Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin".

Azərbaycan Prezidenti qeyd edib ki, Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır: "Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur: "Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu sadəcə olaraq sənət növü deyil, bu bizimm mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur. Azərbaycanı dünyada təqdim etmək üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa başlamışdır. Həmçinin bilməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir dinamik inkişaf edən ölkədir. Azərbaycan xalqı öz tarixi köklərinə bağlı xalqdır".

Dövlət başçısı xatrıladıb ki, Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür: "Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilən bir neçə qlobal tədbirin təşkilində xüsusi rol oynayıb. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi onun təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə keçirilən I Avropa Oyunlarının bu səviyyədə keçirilməsi də Təşkilat Komitəsi və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyətdir. I Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilən mötəbər idman tədbiri kimi qalacaq. Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyeva həvalə edilib. Bu oyunların Təşkilat Komitəsinin sədri də odur. Hazırlıq işləri yüksək səviyyədə aparılır və əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. 

Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. Eyni zamanda, on ildən çoxdur Mehriban Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfirdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, bu iki möhtəbər təşkilatın üzvü olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür, çünki bu gün dünya miqyasında Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə, Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı, ordeni olan Heydər Əliyev ordeni ilə təltif edilib. Bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır. Həmçinin çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır və ölkəmizin inkişafında əminəm ki, bundan sonra da öz dəyərli töhfəsini verəcəkdir".

Son xəbərlər

Orphus sistemi