Plenumun işində baş prokuror Zakir Qaralov iştirak edib
Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev iclası açdıqdan sonra Plenumun gündəliyi təsdiq olunub.
Apellyasiya instansiyası, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdikləri Plenumda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, insan hüquqlarının və azadlıqlarının tərkib hissəsi kimi respublikada yaşayan hər bir vətəndaşın həyatının və sağlamlığının toxunulmazlığı dövlət tərəfindən qorunur və müdafiə olunur: “Eyni zamanda, əhalinin digər hüquqları kimi mülkiyyət hüququnun qorunması və müdafiəsi da dövlət tərəfindən təmin edilir. Hər hansı şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır və bu kimi hərəkətlər müvafiq məsuliyyətə səbəb olur”.
Qeyd edilib ki, qəsdən sağlamlığa ağır zərbə vurma və oğurluq cinayətləri müvafiq olaraq sağlamlıq və mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindəndir və bu cinayətlərin törədilməsinə görə qanunauyğun cəzaların təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı məhkəmələr tərəfindən 2013-cü ildə baxılmış cinayət işləri üzrə aparılmış ümumiləşdirmələrin nəticələri Plenumda geniş müzakirə olunaraq təhlillər aparılıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması, gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Sonra Ali Məhkəmənin kollegiya sədrlərinin məruzələri dinlənilib, konkret cinayət və mülki işlərə baxılıb.
Plenumun işində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iştirak edib.