Bakı. 13 dekabr. REPORT.AZ/ "Müsavat Partiyası əvvəlcədən bu görüşdə iştirak etməyəcəyini bəyan etmişdi. AXCP-nin isə bu məsələdə hansı mövqedə dayanmasını özünüz də görürsünüz".
“Report”un məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bir qrup müxalifyönlü siyasi partiya sədrinin Prezident Administrasiyasının nümayəndələri ilə görüşünə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Müsavat Partiyasının qatılmamasına aydınlıq gətirərkən deyib.
KXCP sədri qeyd edib ki, iqtidar nümayəndələri ilə görüş Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində müzakirə olunub və həmin toplantıda 11 partiya sədri iştirak edib: "Müsavat Partiyası iqtidarla görüşdə iştirak etməyəcəyini əvvəlcədən bəyan edib, amma mərkəzdə bununla bağlı müzakirələrə qatılıb. AXCP-nin isə bu məsələdə hansı mövqedə dayanmasını özünüz də görürsünüz. Biz 8 partiya olaraq, görüşə qatılmışıq. Digər partiyaların iştirakı isə öz təşəbbüsləri ilə olub”.
Qeyd edə ki, görüşdə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, həmin şöbənin müdir müavini Tahir Süleymanov və sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı iştirak ediblər.