Prezident İlham Əliyev: "AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı"

Prezident İlham Əliyev: "AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı" "O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır"
Daxili siyasət
17 Oktyabr , 2016 18:04
Prezident İlham Əliyev: AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı

Bakı. 17 oktyabr. REPORT.AZ/ "1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır". 

"Report"un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, iyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib: "Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşurdu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, biz müsəlman aləmində birinci idik. Bu dəfə - 1991-ci ildə isə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında deyildi. Öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında Azərbaycan sayca 13-cü idi. Bu, tarixdir. Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq. Hesab edirəm ki, Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi. Onu da qeyd etməliyəm ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".

"Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, - halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, - bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi: "Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.

Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Onu da qeyd etməliyəm ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri vardır".

Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılıb və siyasi mübarizə nümunəsini göstərib: "Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanıb. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilib. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi. Azərbaycan o vaxt çətin iqtisadi vəziyyətlə üzləşmişdi. Bizim sənayemiz demək olar ki, dağılmışdı, inflyasiya minlərlə faizlə ölçülürdü. Əlbəttə, belə vəziyyətdə xarici sərmayə olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməzdi. İqtisadiyyat inkişaf edə bilməsə, təbii ki, ölkə müstəqil həyat sürə bilməzdi. Ona görə 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmışdır ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də “Əsrin kontraktı” ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır. Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və ölkəmiz inkişaf etməyə başladı. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə kontrakt imzalanmışdır. Bu gün həm Azərbaycanın, həm regionun və müəyyən dərəcədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Şahdəniz” yatağının xüsusi yeri var.

Dövlət başçısı deyib ki, Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi: "Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək. Bu baxımdan 2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi". 

Son xəbərlər

Orphus sistemi