Yolumuz tarixboyu sivilizasiyaların göz bəbəyi olan, haqqında romanlar yazılan, mahnılar oxunan, filmlər çəkilən qədim İstanbuladır. Türkiyənin Turizmin İnkişaf etdirilməsi Agentliyinin (TGA) dəvəti ilə təşkil olunan səfər çərçivəsində bu qədim şəhəri yenidən kəşf etmək fürsətim oldu.
Hava limanında özbəkistanlı həmkarlarla görüşərək qalacağımız otelə üz tuturuq. Bir qədər dincəldikdən sonra şəhəri gəzmək üçün yola düzəlirəm. Bu şəhərdə daha öncə bir neçə dəfə olsam da, sanki ilk səfərim kimi həyəcanlıyam.
Türk yurdunun gövhəri, tarixi sərvəti olan şəhərdə ilk dayanacağımız Müqəddəs Sofiya Məbədidir (Ayasofya). Sultanahmet meydanında bütün əzəməti ilə bizi qarşılayan, tarixən üç dəfə inşa edilmiş bu əsər günümüzdə “Üçüncü Ayasofya” olaraq bilinir.
Məbədə mərkəz hissədən sol tərəfdə yerləşən qapıdan daxil oluruq. 2020-ci ildə məscidə çevrildikdən sonra bu qapı ibadət etmək istəyən müsəlmanlar üçün keçid hesab olunur. Ümumilikdə isə məbədi muzey kimi ziyarət etmək istəyən turistlər qədim tikilinin sağ tərəfindən arxaya doğru, Topqapı Sarayı ilə üzbəüz yerləşən qapıdan keçə bilərlər.
Səfərimiz Ramazan ayının ilk günlərinə təsadüf etdiyindən ibadət üçün gələn insanların sayı həmişəkindən çoxdur. Bu məbədi, əslində, tarixin danışan üzü kimi də təsvir etmək olar. Çünki dəfələrlə buranı ziyarət etməyimə baxmayaraq, hər dəfə yeni hekayə, yeni məlumatlarla tikilinin nə dərəcədə sirli olduğunu bir daha yəqin edirəm. Elə bu faktların özü təkcə buranı ziyarət etmək üçün Türkiyəyə gələn turistlərin sayına böyük təsir göstərir.
Məbədin möhtəşəmliyi elə giriş qapısından hiss olunur və insanı heyran edir. Tarixin ən gözəl qapılarından biri hesab olunan Müqəddəs Sofiya Məbədinin qərb fasadındakı xarici narteksdən daxili narteksə keçərkən 5 qapı sizi qarşılayır. Ortada, sağ və solda tuncla örtülmüş üç böyük palıd qapının 1500 yaşı var. Qalan iki qapı isə ilk üçü ilə müqayisədə, təəssüf ki, orijinallığını qoruya bilməyib. Əslində, Ayasofya ilk dəfə tikiləndə qapıların sayı 7 olub.
Burada yerləşən qapılar, çilçıraqlar, kümbəzlər, sütunlar, bir sözlə, hər şey o qədər nəhəng, o qədər dəbdəbəlidir ki, məbəd elə girişdəcə öz ehtişamı ilə insanı sanki kiçildir və qədim tikilini istər-istəməz yuxarı baxaraq gəzmək mümkün olur. Hər birinin qanadlarının uzunluğu 151 santimetr olmaqla 5 metrə çatan, hündürlüyü tarixi abidənin tam mərkəzinə açılan əkiz qapıların 1500 illik astanasından içəri keçəndə məbəd bütün cazibəsi ilə bizi salamlayır.
Müqəddəs Sofiya Məbədi memarlıq baxımından bazilika planı ilə mərkəzi planı birləşdirən qübbəli bazilika tipli binadır, günbəz keçidi və daşıyıcı sistem xüsusiyyətləri ilə memarlıq tarixində mühüm dönüş nöqtəsi hesab olunur.
İstanbulun yeddi təpəsindən birincisi üzərində taxta damlı bazilika olaraq inşa edilən və həmin dövrdə “Böyük Kilsə” olaraq bilinən bu tikilinin layihəsi 360-cı ildə, II Konstantinin hakimiyyəti dövründə həyata keçirilib. 404-cü il üsyanı zamanı baş verən yanğın nəticəsində böyük ölçüdə dağıdılan kilsədən salamat qalan heç bir qalıq yoxdur. İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Müqəddəs Sofiya Məbədi 1934-cü ildə alınan qərarla 86 il muzey kimi fəaliyyət göstərib.
Məbəddə gəzərkən vaxtın necə keçdiyini anlamaq çətinləşir. Minarələrdən ucalan azan müsəlmanları Zöhr namazına səsləyir. Elə bu zaman Ayasofya məscidi ilə Sultan Əhməd məscidi arasında yerləşən meydanla Sultan Əhməd məscidinə üz tuturuq.
Məscid Osmanlı Sultanı I Əhməd tərəfindən 1609-1617-ci illər arasında İstanbuldakı tarixi yarımadada memar Sədəfkar Mehmed Ağa tərəfindən tikilib. Bu abidə göy, yaşıl və ağ İznik çiniləri, həmçinin yarımqübbə və böyük günbəzinin içərisi daha çox mavi rəngli əl işləri ilə bəzədildiyi üçün avropalılar tərəfindən “Göy məscid” adlandırılıb. 1935-ci ildə Ayasofya məscidi muzeyə çevrildikdə isə İstanbulun əsas məscidi ünvanına sahib olub.
Ramazan ayının ehtiramla qeyd olunduğu qardaş ölkə Türkiyədə demək olar ki, bütün məscidlərdə izdiham hiss olunur. İnsan seli Sultan Əhməd məscidindən də yan ötmür. Məscidin dəbdəbəli və zövqlə bəzədilmiş tarixi fasadının kandarından həyətinə boylanır, içəri keçə bilmək üçün növbə gözləyirəm. Nəhayət, məscidə daxil olanda tolerantlığın daha bir nümunəsi ilə üz-üzə dayanıram. Belə ki, Ramazan ayı və namaz saatı olmasına baxmayaraq, məscidin içərisində dinindən, dilindən, irqindən asılı olmayan insanların yüzilliklərlə ayaqda dayanan tikilinin füsunkar görünüşünü heyranlıqla izlədiyini müşahidə edirəm.
Möhtəşəm dini məbəd qarşısında xatirə fotosu çəkdirib növbəti ünvana - Ortaköy məscidinə doğru yola düşürük. Böyük Məcidiyə məscidi kimi də tanınan bina Ortaköy limanının şimal ucunda yerləşir. Məscidin özünəməxsus memarlığı və yerləşdiyi lokasiyanın mənzərəsi insanı valeh edir. Bir çox yerli və xarici filmlərdə də bu məscidin görüntüsünə tez-tez rast gəlmək olar.
Memarı Nikoqos Balyan olan məscid 19-cu əsrdə tikilib. Həmin dövrün sultan məscidlərində olduğu kimi, bu məscid də girişin qarşısındakı harim bölməsi və sultan köşkündən ibarətdir. Qərbdəki sultanın girişi istisna olmaqla, hər iki hissənin tərkibi şimal-cənub oxuna uyğun olaraq simmetrikdir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan həmkarlarımızla burada da məscidin yaratdığı füsunkar mənzərə qarşısında şəkil çəkdirir, Ortaköyün məhşur “Kumpir” yeməyindən dadmaq üçün darısqal, tarixi küçələrlə onun satıldığı restorana üz tuturuq.
Mərmərə dənizinin sərin küləyi bizi üşütsə də, İstanbulun ecazkar mənzərələrini izləyərək dincəlmək üçün qaldığımız otelə yollanırıq.