“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”i fəaliyyətə başldıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb".
Bunu "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb: "İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib".
Qeyd edək ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatlarla əlaqədar Dövlət Agentliyinin bəzi hüquqi və fiziki şəxslərə xəbərdarlığından sonra əsassız və lüzumsuz olan icazələr icaze.e-gov.az portalından silib.
Aprelin 16-na olan məlumata əsasən, geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə ümumilikdə 170 000-dək icazə isə avtomatik rejimdə ləğv olunub.