Anar Bağırov vəkil qurumlarının rəhbərləri ilə görüşüb

Daxili siyasət
  • 12 iyul, 2018
  • 09:14
Anar Bağırov vəkil qurumlarının rəhbərləri ilə görüşüb

Bakı. 12 iyul. REPORT.AZ/ Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn tövsiyələrin icrası bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verdikdən sonra vəkil qurumlarının fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.

Qeyd olunub ki, Rəyasət Heyətinin son iclasında vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub.

İclasda bu məsələ ətrafında müzakirələr aparılıb, fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinin və nəzarət mexanizminin əhəmiyyəti vurğulanıb, vəkil qurumlarının rəhbərlərinin fikirləri və təklifləri dinlənilib.

İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının “vəkil bürosu” olaraq dəyişdirilməsi məsələsinə də toxunulub, artıq əksər məsləhətxanaların qeyd olunan dəyişikliyi həyata keçirdiyi, digərlərinin isə yaxın zamanda nizamnamələrinə müvafiq dəyişiklik edəcəyi bildirilib.

İclasda, həmçinin ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi müzakirə olunmuş, 22 fevral 2018-ci il tarixlisərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilib.

Bundan başqa, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin peşə fəaliyyəti zamanı bəzi nöqsanlara yol verdikləri, etik davranış qaydalarının bəzi müddəalarının pozulması hallarına rast gəlindiyini qeyd edib, bu cür halların aradan qaldırılması, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi və vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tapşırıqlarını verib.

Sonda vəkil qurumlarının təmsilçiləri ilə qurumların fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

44 - Tezliklə