“Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın” - Qərbi Azərbaycan Xronikası

“Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın” - Qərbi Azərbaycan Xronikası Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Daxili siyasət
28 mart 2025 23:48
“Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın” - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Ana qucağında 4 dəfə qaçqınlıq görmüşəm” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kənd sakini Aynur Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, 1988-ci il fevralın 14-də doğulduğunu, körpə olarkən anasının qucağında dekabrın soyuq günündə ermənilər tərəfindən kəndi tərk etmək məcburiyyətində qaldıqlarını deyib.

Onun sözlərinə görə, Böyük Məzrə kəndi düzənlik ərazidə yerləşib: “Əhalisi əsasən azərbaycanlılardan ibarət olub. 1918-ci ildə Türkiyədən gələn ermənilər Böyük Məzrə kəndində azərbaycanlıların evlərində məcburi şəkildə yerləşdiriliblər. Bir müddət sonra onlara planlı şəkildə evlər tikilib və elə Plankənd olaraq da adlandırılıb. Azərbaycanlılarla ermənilər mülayim şəkildə yaşayıb. 1988-ci ilin əvvəllərindən başlayaraq artıq ermənilərin azərbaycanlılara qarşı münasibəti dəyişib. Kəndimizdə bir neçə nəfər erməni zorakılığına məruz qalıb. Vəziyyət o yerə çatıb ki, ermənilər həyətimizə soxulub traktoru aparıblar. Beləliklə, vəziyyət daha da gərginləşib və 1988-ci ilin dekabrın 5-də, səhər saatlarında qadınlar və uşaqlar “Tır”larla Böyük Məzrəni tərk etmək məcburiyyətində qalıblar. Bir gün sonra kişilər də məcburi şəkildə çıxarılıblar. Camaat qışın sərt soyuğunda Gəncəyə, Göygölün Üçbulaq, Hacıkənd sonra da Çaykənd kəndlərində məskunlaşdıq. Qarlı, boranlı, şaxtalı havada həyat sürmüşük. Hamı məcbur şəkildə tonqal ətrafına toplanıb. Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın”.

Uşaqlığının muharibə, döyüş, güllə, top səsləri altında keçdiyini deyən A.Rüstəmova doğma yurda qayıdış ümidini itirmədiklərini bildirib: “Bu ağrılı-acılı günləri uşaq vaxtı yaşadığım üçün o qədər fərqində olmamışam. Amma böyüdükcə, artıq dərk etməyə başladıqca, atamın-anamın bu deportasiya zamanı yaşadıqlarını dinlədikcə, onların gözlərində o həsrəti, o ağrı-acını gördükcə, istər-istəməz ürəyim yaralanır. Böyük Məzrə kəndinin icma sədri kimi, camaatın geri qayıtmaq həvəsini gördükcə hamımızda həvəs daha da çoxalır. İnanıram ki, Prezidentin dəstəyi ilə biz öz yurdumuza sülh yolu ilə qayıdacağıq. Kəndimizin bulaqlarından su içmək, Məzrə çayının şırıltısını dinləmək, yaşamadığım uşaqlığımı yenidən yaşamaq istəyirəm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 14-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Orphus sistemi