Bakı. 12 yanvar. REPORT.AZ/ “Neqativ hallar seçkinin nəticəsinə təsir edəcək gücdə deyil. Azərbaycan ictimaiyyəti bu seçkilərə maraqla yanaşır. Seçkilərdən narazı olanlar var, amma bu, seçkiyə kölgə sala bilməz. Azərbaycan kiçik ölkədir, əgər hər hansı xoşagəlməz hal baş verərsə, bu, dərhal yayılır”.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçkilərlə bağlı fikir bildirərkən ədalətli olmaq lazımdır: “Neqativ hal baş verən 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsi buraxılıb. Ötən illərdə keçirilən seçkilərlə müqayisə edilsə, inkişaf açıq görünər. Hesab edirəm, seçkilər tam normal keçirilib”.
MSK sədri əlavə edib ki, 2 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 15 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə 37 saylı, 71 saylı Masallı Kənd Seçki Dairəsi üzrə 4 saylı, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 12 saylı məntəqələrdə də seçkilərin nəticələri ləğv edilib.
Qeyd edək ki, neqativ hal baş verən 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsi buraxılmaqla yanaşı, bu məntəqədə seçkinin nəticələri də ləğv olunub.