Yuxarı

​YAP: Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüslərini yüksək qiymətləndiririk

Siyavuş Novruzov: Rusiyada, Fransada, İranda yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur

Bakı. 13 iyul. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən bütün təşəbbüsləri müsbət qiymətləndiririk".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, Rusiyanın münaqişənin həllində fəallıq göstərməsini müsbət hal sayır. S.Novruzov qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməsi, münaqişənin mərhələli həlli ilə bağlı təşəbbüsü, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri, keçirdiyi görüşlər müsbət addımdır: "NATO-nun Polşada keçirilən sammiti çərçivəsində Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüşdü. Hesab edirəm ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyünü çərçivəsində və mərhələli formada həll edilməsi məsələsi müzakirə olunub. Aprel döyüşlərindən sonra Ermənistan, o cümlədən dünya ictimaiyyəti başa düşdü ki, dondurulmuş münaqişələr həll edilmiş münaqişələr demək deyil. Yəni, münaqişə dondurulubsa, bu, istənilən an alovlana bilər. Bunun bariz nümunəsi aprel döyüşləridir. Digər tərəfdən də, erməni ictimaiyyətinin arxayınlığı vardı ki, müharibə başlayarsa, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistanın maraqlarından çıxış edəcəklər. Amma ermənilər şahidi oldular ki, dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunduğunu və müharibənin həmin torpaqlarda getdiyini etiraf etdilər. Beynəlxalq təşkilatlar bəyan etdilər ki, aprel döyüşləri Ermənistanın ərazisinə təcavüz deyil".

YAP rəsmisi qeyd edib ki, Azərbaycan gec-tez öz torpaqlarını geri alacaq: "Dağlıq Qarabağ münaqişəsi uzun müddət davam edə bilməz. Azərbaycan 20 ildən artıqdır ki, atəşkəsə ümid bağlayıb. Çalışırıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Əgər qısa müddət ərzində bu münaqişə həllini tapmazsa, Azərbaycan alternativ variantlarıdan istifadə edə bilər. Ölkəmizin qüdrətli ordusu var, Azərbaycan regionun aparıcı dövlətidir, güclü iqtisadi inkişafı və potensialı var. Yəni, Azərbaycan istənilən an işğal altından olan torpaqlarını azad edə bilər. Bu münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması Ermənistan üçün də yaxşı ola bilər. Yəni, münaqişənin həllindən sonra Ermənistanla münasibətlər qurula, iqtisadi əlaqələr bərpa oluna bilər. Əslində, bu, Ermənistanın düşdüyü tənəzzüldən çıxması üçün şansdır".

S.Novruzov vurğulayıb ki, dünyada bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Millətlərə öz müqəddəratını təyin etmək hüququ vermək düzgün yanaşma deyil. NATO-nun yaz, ATƏT-in Parlament Assambleyasının illik sessiyasında da bu məsələlərə toxunulub. Nəzərə almaq lazımdır ki, dünyada 3 minə yaxın millət var. Lakin onlardan 200-ə yaxınının dövləti var. Əgər millətlərin hər biri öz müqəddəratını həll etmiş olsa, o zaman dünyada çox böyük hərc-mərclik baş qaldırar. İkili standartla yanaşaraq, millətlərin öz müqəddaratını təyin etmək fikrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ortaya atılması doğru deyil. Dünyada baş verən hadisələr göstərdi ki, bu məsələ beynəlxalq hüququn predmetindən kənara çıxıb. Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, Azərbaycanın 20 ildən artıq irəli sürdüyü tələbdir. Erməni xalqı öz müqəddəratını təmin edib. Rusiyada, Fransada, İranda yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur. Bunlar həmin ölkələrdə öz müqəddəratlarını təmin etməklə məşğul olsalar, dünyada 10-dan artıq erməni dövləti olar. Bir daha qeyd edirəm ki, ermənilərin bu iddiası beynəlxalq hüquq prinsiplərinə ziddir".

Qeyd edək ki, iyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Keçirilən görüşlərdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi