Yuxarı

Siyasi analitik: "Sülh danışıqlarının uğursuzluğa düçar olması həmsədrlərin fəaliyyətinin müsbət qiymətləndirilməsinə imkan vermir"

Böyük Britaniyada Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və gələcək perspektivlər mövzusunda konfrans keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Kinqs Kollecində "Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

Böyük Britaniyanın Birminqem Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin təşkil etdiyi tədbirdə ölkənin bir sıra təhsil müəssisələrinin professorları, beynəlxalq ekspertlər və diplomatlar iştirak edib.

İki sessiyadan ibarət konfransda ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Jak For, "LINKS" mərkəzinin rəhbəri, siyasi analitik Dennis Sammot, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin nümayəndəsi Amanda Pol, habelə Birminqem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin əməkdaşı Kəmalə İmranlı-Löv məruzə ilə çıxış ediblər.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Jak For çıxışında Rusiya, Türkiyə, İran kimi dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsiri, habelə onların Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinə toxunub. "LINKS" mərkəzinin rəhbəri, siyasi analitik Dennis Sammot ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında bildirib ki, 20 ildən artıq müddətdə davam edən sülh danışıqlarının uğursuzluğa düçar olması həmsədrlərin fəaliyyətinin müsbət qiymətləndirilməsinə imkan vermir.

Amanda Polun fikrincə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini istəsə də, danışıqlar prosesində irəliləyiş əldə olunmasa, konflikt yenidən aktiv fazaya keçə bilər.

Konfransın sonunda çıxış edən Kəmalə İmranlı-Löv "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Britaniya mediası prizmasından" mövzusunda apardığı tədqiqatın nəticələrini təqdim edib. Tədqiqatın nəticələrinə əsasən, məlum olub ki, Böyük Britaniyanın aparıcı media qurumları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasına qeyri-obyektiv və qərəzli yanaşmış, daha çox Ermənistanın haqsız mövqeyini müdafiə etməklə fərqləniblər.

Konfrans ekspertlərin fikirlərinin müzakirəsi ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi