Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev aprel döyüşlərində ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış olub

    Dövlətimizin başçısı və xanımı həyətləri gəziblər, tikilmiş və bərpa olunmuş evlərə baxıblar

    Bakı. 3 dekabr. REPORT.AZ/ Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.

    Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.

    "Report" xəbər verir ki, dekabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.

    Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.

    Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci ilin mayında imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

    Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ümumilikdə rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

    Dövlətimizin başçısı və xanımı zərər çəkmiş evlərdə əsaslı bərpa işlərindən sonra yaradılmış şəraitlə tanış oldular, sakinlərlə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi