Yuxarı

​Prezident: "Ermənistan sülh istəmir, danışıqları sadəcə bir proses kimi qəbul edir"

Prezidentlərin son görüşü də formal xarakter daşıyıb

Bakı. 10 yanvar. REPORT.AZ/ 2015-ci ildə İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baş tutan görüş formal xarakter daşıyıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq. Risklərin azaldılmasına çalışacaq. Ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş olmayıb. Prezidentlərin son görüşü də formal xarakter daşıyıb. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər saxlamaq istəyir. İşğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir. Vaxt uzatmaqla məşğuldur. Və danışıqları gələcəkdə də, sonsuz bir proses kimi görmək istəyir", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev Azərbaycanın mövqeyinin isə fərqli olduğunu diqqətə çatdırıb:

"Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Minsk qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir".

İlham Əliyev, həmçinin 2015-ci ildə Azərbaycanın təmas xəttində üstünlüyə yiyələnərək öz iradəsini diqtə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi