Yuxarı

MTN-də 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Mərasim MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ General-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilir.

İlk olaraq canlarından keçən təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının xatirəsi də ehtiramla yad olunub.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Anma mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar. Anım tədbiri açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq bildirib ki, 20 yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir və müdrik xalqımız həmin faciənin 25-ci ildönümünü ehtiramla yad edir. Bu tarix Azərbaycanın milli azadlıq savaşının zirvəsi, milli düşüncənin oyanış günüdür. Eynu zamanda, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz müstəqilliyi və suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edib ki, həmin hadisə bizim üçün təkcə faciə deyil, həm də xalqın milli azadlıq hərəkatının ölməzliyini göstərən amil, soydaşlarımızın ürəyində yüz illərdən bəri yaşayan milli dövlət qurmaq istəyinin reallaşdırılması yolunda atılan əsaslı addımlardan biri kimi qəbul edilməlidir.

Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.

Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi – meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu.

İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edib. Ümummilli liderin Moskvada nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi. Qoşunların Bakıdan çıxarılmasını tələb etdi və o vaxtki SSRİ rəhbərliyini kəskin ittiham etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatını həm də faciəyə verilən ilk siyasi qiymət idi, özü də imperiyanın mərkəzində.

İ.Allahverdiyev qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli liderin şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün imzaladığı sərəncamlar Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiramın bariz nümunəsi idi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atdığını bildirən İ.Allahverdiyev, dövlət başçısının müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bu gün dövlətimiz tərəfindən müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara xüsusi qayğı ilə yanaşılır.

Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır. Bu gün Azərbaycan gənclərinin qarşısında duran vəzifələr bəllidir. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı gənc öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcunuzu yerinə yetirmiş olarsınız.

Tədbirdə çıxış edən dinləyicilər və kursantlar da 20 Yanvar faciəsi ilə bağlı daşışaraq, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi