ATU-nun şəhid olan məzunu torpağa tapşırılıb - YENİLƏNİB-4

ATU-nun şəhid olan məzunu torpağa tapşırılıb - YENİLƏNİB-4 Havaya yaylım atəşi açılıb
Qarabağ
9 Aprel , 2016 14:42
ATU-nun şəhid olan məzunu torpağa tapşırılıb - YENİLƏNİB-4

Bakı. 9 aprel. REPORT.AZ/ Tərtər rayonu istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan 22 yaşlı Quliyev Mahir Qadir oğlu ilə vida mərasimi keçirilib. "Report"un məlumatına görə, mərhumla vida mərasimi yaşadığı evin qarşısında, Yeni Yasamal 22, Məhəmməd Xiyabani küçəsində baş tutub.

Vida mərasimində icra nümayəndələri, mərhumun təhsil aldığı Azərbaycan Texniki Universitetinin rəsmiləri və tələbə yoldaşları, eləcə də Təhsil Nazirliyinin işçiləri də iştirak edib.

Qeyd edək ki, M. Quliyev vida mərasimindən sonra üçüncü Fəxri Xiyabanda dəfn olunub.

*** 15:22

Xaçmaz. 9 aprel. REPORT.AZ/ Azərbaycan Milli Ordusunun daha bir şəhid olan hərbçisi dəfn edilib.

“Report” xəbər verir ki, Azərbaycan ordusunun əsgəri Elvin Azadxan oğlu Mirzəyev Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən şəhid olub.

Onun cənazəsi bu gün böyüyüb boya-başa çatdığı Xaçmaz rayonuna gətirilib.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, yüzlərlə insan iştirak edib.

Şəhid əsgər Elvin Mirzəyevin tabutu üzərindəki bayraq atası Azadxan Mirzəyevə təqdim edilib.

Şəhidlərin ruhuna dualar oxunandan sonra yaylım atəşi açılıb. E.Mirzəyevin nəşi Qaraqurdlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

*** 13:15

Cəlilabad. 9 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda şəhid doğulduğu torpağa tapşırııb.

“Report” xəbər verir ki, cəbhənin təmas xəttində düşmən hücumunun qarşısını alarkən Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini, 19 yaşlı Röyal İmran oğlu Nəsirov Tərtərin Qapanlı kəndində şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin komandir və əsgər yoldaşları, yüzlərlə cəlilabadlı iştirak edib. Şəhid Röyal Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

*** 10:35 

Masallı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Milli Ordusunun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Bağırzadə Firdovsi Əliş oğlu bu gün doğulduğu Masallı rayonunun Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb. "Report"un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidimizin yaxınlarına səbir diləyib, "Torpağı Vətən edən şəhidlərin qanıdır!" deyə bildiriblər. Onlar Silahlı Qüvvələrimizin son uğurlarını qeyd edərək Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.

Şəhid torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi