Yuxarı
    Bağlamaq

    ​Leyla Əliyeva Moskvada Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb

    Bakı. 28 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Moskva şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

    "Report" xəbər verir ki, tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.

    Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 23 il ötməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib.

    Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib. Leyla Əliyeva, həmçinin iştirakçılara “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib.

    Tədbir zamanı Azərbaycan və Rusiyanın tanınmış musiqiçiləri - Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim edilib.

    Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan yeni toplunun rus dilində buraxılışının təqdimatı da keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalı hadisələrinin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Topluda, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

    Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və kədərləri ilə bölüşüb.

    Daha sonra azərbaycanlı və rusiyalı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi