Yuxarı
    Bağlamaq

    İtaliya mətbuatında “Biz Xocalı soyqırımını unutmuruq” adlı məqalə dərc edilib

    Məqalə jurnalist Domeniko Letisiyaya məxsusdur

    Bakı. 25 fevral. REPORT.AZ/ İtaliyanın “L’Opinione” qəzetinin internet portalında jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Biz Xocalı soyqırımını unutmuruq” adlı məqaləsi dərc edilib.

    “Report”un xəbərinə görə, məqalədə qeyd olunur ki, Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən cinayətlər həqiqətən bütün insanlara qarşı törədilmiş cinayət kimi hesab oluna bilər və bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməlidir.

    Məqalənin tərcüməsini diqqətinizə təqdim edirik:

    “Fevral ayının 25-dən 26-na keçən gecə yeni müstəqillik əldə etmiş Azərbaycanın Xocalı şəhəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır və dramatik səhnələrdən birinə çevrilib. 1992-ci ilin fevral ayında Ermənistan ordusu keçmiş sovet ordusunun dəstəyi ilə şəhərə hücum edib. Məqsəd şəhərdə qətliamın törədilməsi, əhalini ərazidən didərgin salmaq və etnik təmizləmə siyasətini həyata keçirmək idi. Xocalı yerlə yeksan edilib. Rəsmi rəqəmlərə əsasən, qətliam zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub və 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirlib. Bu faciə nəticəsində 487 nəfər əlil olub və 1275 nəfər, o cümlədən qadın və uşaq olmaqla fiziki işgəncəyə məruz qalıb və ciddi bədən xəsarətləri alıb. Bundan əlavə, 150 nəfər itkin düşüb. Şahidlər şəhər sakinlərinin diri yandırılması, baş kəsilməsi və digər dəhşətli zorakılıq hallarından danışırlar. Bu günlə son dərəcə səsləşən bir faciədir.

    Bu xüsusda tarixi həqiqətləri qorumaq üçün, Dağlıq-Qarabağda o vaxtki qeyri-qanuni separatçı rejim olan “SDF Komitəsi”nin sədri olmuş, hal-hazırda Ermənistan Respublikasına rəhbərlik edən Serj Sarqısyan britaniyalı jurnalist Tomas De Vaalın “Qara Bağ”: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabında belə etiraf edib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik”. Erməni müəllif Markar Melkonyan qardaşı məşhur beynəlxalq terrorçu Monte Melkonyana (Xocalı soyqırımında şəxsən iştirak edib) həsr etdiyi “Mənim qardaşımın keçdiyi yol: bir amerikanlının Ermənistana inanclı səyahəti” adlı kitabda ermənilərin Xocalı sakinlərini öldürməsini təfərrüatı ilə təsvir edib. Belə ki, o qeyd edib ki, Xocalı sakinlərinin bəziləri təxminən 10 kilometrlik bir məsafəni qət etdikdən sonra erməni əsgərləri tərəfindən əsir götürülüb və bıçaqlanaraq öldürülüb. Ermənistanda ultra-millətçi rejimin ictimaiyyətdə Azərbaycana qarşı nifrət ideologiyasını təbliğ etməsinə baxmayaraq, bu ölkənin bəzi insan haqları müdafiəçiləri Xocalı soyqrımına görə açıq şəkildə Azrəbaycandan üzr istəyiblər. Onların arasında erməni insan haqları fəalları “Ermənistanda insan haqları üzrə Helsinki Komitəsi”nin prezidenti Mikayıl Danielyan, erməni jurnalisti və yazıçısı Vahe Avetyan, filosof və yazıçı Aleksandr Varbedyan və erməni və Azərbaycan cəmiyyətlərinin barışmasına yönələn addımlardan əl çəkmədiyi üçün özü və ailəsinə qarşı ölümlə təhdid edildiyi üçün Almaniyaya miqrasiya etmək məcburiyyətində qalmış siyasi aktivist Qeorqi Vanyan da var.

    2016-cı ilin noyabr ayında Bakıda həm Ermənistan, həm də Azərbaycandan olan çoxsaylı fəal insan haqları müdafiəçilərinin iştirak etdiyi “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və vasitəçilik prosesləri. Ermənistan və Azərbaycanın məsələyə baxışları” adlı sülh konfransı baş tutmuşdur. Konfrans başlamazdan öncə Ermənistan təmsilçiləri 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı üçün üzr istəmiş və paytaxt Bakı şəhərində ucaldılmış soyqırıma həsr olunan xatirə abidəsini ziyarət etmişlər. Son zamanlar məşhur yazıçı Anna Paytyan Xocalı soyqırımını ictimai şəkildə qınayan erməni fəalları siyahısına daxil olmuşdur. O, Xocalıda baş verənlərin soyqırım olduğunu təsdiqləyərək, bu soyqırımın törədilməsində iştirak etmiş Ermənistan hakimiyyət orqanlarının nümayəndələrini, xüsusən də öz bəyanatlarında “biz ermənilərin körpələrə toxuna bilməz stereotipini qırdıq” deyən hazırkı prezident Serj Sarkisyanı qınamış və azərbaycanlıların öldürülməsini vətənpərvərlik və ermənilərə olan sevginin nümayişi kimi qələmə verən hər kəsi sərt tənqid etmişdir.

    Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən cinayətlər həqiqətən bütün insanlara qarşı törədilmiş cinayət kimi hesab oluna bilər və bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməlidir. Sonuncunun baş verməsini gözləyərkən deyə bilərik ki, bir çox erməni artıq gözlərini açmağa, həqiqət və azadlıq tələb etməyə başlayır ki, bu, Qafqazda Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməyə və dəyərləndirilməyə layiq olan konkret sülh imkanıdır. Təəssüf ki, Ermənistanın hakimiyyət orqanları Xocalı soyqırımı üçün üzr istəyən və münaqişənin dərhal həllini tələb edən fəalların və ziyalıların çağırışlarına əməl etmək istəmirlər. Əksinə, bir çox fəal Ermənistan rejimi tərəfindən kəskin hücumlar və gördükləri işlər üçün ağır təzyiqlərə məruz qalır, bəziləri daimi olaraq ölkədən qaçmağa məcbur olub”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi