Yuxarı

​İlham Əliyev: "Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi"

Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi

Bakı. 25 noyabr. REPORT.AZ/ "Əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ (Dağlıq Qarabağ. - red) çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.

"Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır", - deyə prezident vurğulayıb.

O, bu gün Ermənistanın arxasında güclü himayədarların olduğuna diqqət çəkib:

"Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi".

Prezident bir daha bildirib ki, "Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi