Yuxarı
    Bağlamaq

    GSİ Zəhra və nənəsinin qətlə yetirilməsini pisləyən bəyanat yayıb

    “ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”

    Bakı. 6 iyul. REPORT.AZ/ Gənclərin Sağlam İnkişafı İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması və mülki obyektlərə zərər yetirilməsi haqda bəyanat yayıb.

    “Report” həmin bəyanatı təqdim edir:

    “Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutmasının nəticəsində 04.07.2017-ci il tarixində 2 nəfər kənd sakini dünyasını dəyişib, bir nəfər isə ağır yaralıdır.

    Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ə qədərini zəbt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir.

    Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir.

    Çox təəssüflər olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı. Dünən, iyulun 4-də, axşam saatlarında işğal altında olan ərazilərimizdəki Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutdular.

    Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

    Gənclərin Sağlam İnkişafı İctimai Birliyi olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə lənətləyir və dünya ictimaiyyətinin diqqətini bu dəhşətli hadisəyə yönəldirik. ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi